Mingəçevir məktəblərində son zəng çalındı
14 iyun 2022 | 11:36
İyun ayının 14-də Mingəçevirin bütün məktəblərində son zəng mərasimi böyük təntənə ilə qeyd olundu. Belə tədbirlərdən biri iştirakçısı olduğumuz Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə baş tutdu. Məktəbin həyəti al-əlvan bayraqlar, güllər, müxtəlif aksesuarlar ilə bəzədilmişdi. Hiss olunurdu ki, məktəb kollektivi öz növbəti məzunlarını yola salmağa hazırlaşıb. Tədbirə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun gəlişi isə əlavə ahəng vermişdi. Tədbirin aparıcıları gur səslə Dövlət Bayrağımızın meydana gətirilməsini elan etdikdə hamı gurultulu alqışlarla ayağa qalxdı. Dövlət himni səsləndikdən və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra on birincilər meydana dəvət olundu. Qeyd etmək yerinə düşər ki, bu il 13 nömrəli tam orta məktəbi 3 sinif şagirdi başa vurur. Məktəbin direktoru Daşqın İbrahimov öncə çıxış edərək 2021-2022-ci tədris ilində məktəbi 62 şagirdin başa vurduğunu bildirdi. Sonra məktəbin uğurlarından, əldə olunan nailiyyətlərdən bəhs etdi. Onlara həyatda mübariz əhval ruhiyyə, təhsildə uğurlar arzuladı. Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitq ilə çıxış edərək Azərbaycan Respublikasında təhsilə, təhsil işçilərinə ölkə rəhbəri cənab İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın göstərdikləri diqqət və qayğıdan söz açdı. Bundan ruhlanan təhsil işçiləri məktəblərdə dərsin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə almalarına diqqət və qayğı ilə yanaşırlar. Bu gün fəxrlə qeyd etmək istəyirəm ki, Mingəçevir təhsili də bu uğurlardan geri qalmır, yeni-yeni nailiyyətlər əldə edir. Bu il şəhər məktəblərini başa vuran 968 məzunumuzun hər biri inanıram ki, öz müəllimlərinin etimadlarını doğruldub yüksək nailiyyətlər əldə edəcək, daha böyük zirvələr fəth edəcəklər. Bütün məzunlarımıza uğrular arzulayır, bayramınız mübarək, deyirəm. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov eyni zamanda 15 iyun Milli Qurtuluş günündən də bəhs etdi. Ulu öndər Heydər Əliyevin həyat yolundan təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan söhbət açdı. Mingəçevirdə 15 iyun gününün böyük təntənə ilə qeyd olunduğunu nəzərə çatdırdı. 13 nömrəli tam orta məktəbin uğurlarından, təhsildə əldə etdiyi nailiyyətlərdən də söz açdı. Məktəb kollektivinə, müəllimlərə və bütün təhsil işçilərinə uğurlar arzuladı. Şəhər təhsil şöbəsinin sektor müdiri əvəzi Zamik Cəbiyev çıxış edərək məktəb kollektivlərinin bu ilki təhsil müddətində əldə etdiyi uğurlardan danışdı, məzunlara gələcək həyatlarında uğurlar arzuladı. 13 nömrəli tam orta məktəbin məzununu valideyni Vüsalə Tağıyeva çıxış edərək məzunlara öz arzu və istəklərini bildirdi, həyatda daim öndə olmağı arzuladı. Tədbirdə təhsil ilində fərqlənən şagirdlərə və müəllimlərə fəxri fərmanlar təqdim olundu. Birincilər on birinciləri salamladıqdan sonra meydan on birincilərə verildi. Rəqs etdilər, mahnı oxudular, şənləndilər, əlvida məktəb biz səni unutmarıq dedilər.