Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir.

15 dekabr 2023 | 16:11

Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Saleh oğlu Ağamirov dekabr ayının 10-da 74 yaşında dünyasını dəyişib. Əli Ağamirov 1949-cu il may ayının 9-da Ağdam rayonunun Şelli kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Əli Ağamirov ölkəmizin ayrı-ayrı bölgələrindəki idarə və sənaye müəssisələrində, tikinti təşkilatlarında, Azərbaycan İstilik Elektrik Stansiyasında, Sərsəng, Yenikənd və Şəmkir Su Elektrik Stansiyalarının tikintilərində mütəxəssis və idarə rəhbəri, Mingəçevir su-kanal idarəsinin rəisi kimi fəaliyyət göstərib. Fəaliyyəti dövründə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib. Ömrünün son illərində, 2009-cu ildən Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi vəzifəsində çalışaraq Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərinə sərf edib. Şəhərdə salınan park və istirahət məskənlərində, küçə və məhəllələrdə yaşıllıq zolaqlarının salınmasına və suvarılma sisteminin həyata keçirilməsinə, nümunəvi məhəllələrin yaradılmasına, təmizliyinin qorunmasına və bu kimi digər quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsinə öz töhfələrini verib. Mingəçevir şəhər İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrini vaxtında və layiqincə yerinə yetirib. Əli Ağamirovun əməyi yüksək qiymətləndirilib, dəfələrə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanlarına və müxtəlif mükafatlara layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvü olan Əli Ağamirov mehriban, sədaqətli və təvazökar insan, yaxşı dost, gözəl ailə başçısı kimi daim xatirələrdə yaşayacaqdır.

Allah rəhmət eləsin.

İlham İsmayılov, Məhluqə Cavadova, Fərid Məmmədov, Hikmət Kərimov, Ramiz Əliyev, Bəxtiyar Mustafayev, Akif Hacıyev.

Keçidlər