Mingəçevir Gənclər Paytaxtı elan olundu
02 fevral 2023 | 14:14
2 fevral Gənclər Günü münasibəti ilə Mingəçevirdə möhtəşəm tədbir keçirildi. Fevral ayının 2-də baş tutan tədbirə respublikamızın tanınmış şəxsləri dəvət olunmuşdular. Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, Gənclər və İdman naziri Fərid Qayıbov, respublikanın müxtəlif bölgələrindən gəlmiş Gənclər və İdman İdarələrinin rəhbərləri və təmsilçiləri, Mingəçevir şəhərinin fəal gəncləri, ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələrinin məsul şəxsləri tədbirdə iştirak edirdilər. Tədbir öncəsi qonaqlar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməklə başladı. 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir mingəçevirlilər üçün həm də onunla əlamətdar idi ki, Mingəçevir şəhəri 2023-cü ildə respublikanın Gənclər Paytaxtı elan olunmuşdur. Yüksək zövqlə hazırlanmış tədbirin aparıcıları şəhərimizin ünvanına xoş sözlər dedikdən sonra ilk olaraq çıxış üçün Milli Məclis sədrinin birinci müavini Əli Hüseynliyə söz verildi. O, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunduğu bir vaxtda Mingəçevirin respublikanın Gənclər Paytaxtı seçilməsini alqışlayaraq bu münasibətlə mingəçevirliləri ürəkdən təbrik etdi. Şəhərimizin bu ada layiq olduğunu xüsusilə vurğuladı. Əminliklə bildirdi ki, mingəçevirlilər öz əməli işləri ilə bu adı doğruldacaqlar. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək respublikada gənclərin həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Bildirdi ki, gəncərimiz ölkəmizdə aparılan bu və ya digər lahiyələrin yerinə yetirilməsində xüsusi fəallıq göstərirlər. 44 günlük Vətən müharibəsində bu bir daha özünü göstərdi. Məhz gənclərimizin şücaəti sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi. O, vurğuladı ki, 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi və 1996-cı ildə Gənclərin birinci Forumunun keçirilməsi Ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Bu gün, 2 fevral Gənclər Gününün keçirilməsi də ulu öndərin adı ilə bağlıdır. F.Qayıbov qeyd etdi ki, Mingəçevir şəhərinin respublikanın Gənclər Paytaxtı elan olunması obyektiv seçim oldu. Respublikanın 4 şəhər və rayonu bu ada iddialı idi. Onların arasından Mingəçevirin seçilməsi daha məqsədəuyğun hesab olundu. Bu münasibətlə bütün mingəçevirliləri, şəhərin gənclərini ürəkdən təbrik edirəm və əmin olduğumu bildirirəm ki, bu seçim il boyu özünü doğruldacaqdır. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək, mingəçevirli kimi şəhərimizə göstərilən bu etimada görə qürur hissi duyur və hər bir mingəçevirlini təbrik edirəm, dedi. Mingəçevir Dövlət Universitetinin tələbəsi Narıngül İbrahimova çıxış edərək şəhərimizin gənclərinə göstərilən etimada görə dərin minnətdarlığını ifadə etdi. Tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərə verilmiş prezident təqaüdünün təqdimatı da keçirildi. Eyni zamanda Gənclər və İdman nazirinin sərəncamı ilə müxtəlif nominasiyalar üzrə qalib gələn laureatlar mükafatlandırıldı. Həmçinin nazirlik tərəfindən respublika Gənclər Evləri üzrə qaliblərə də mükafatlar təqdim olundu. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə başa çatdı. Tədbir iştirakçıların yaddaşında xoş izlər buraxdı.