Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımına həsr olunmuş elmi konfrans keçirildi

24 fevral 2023 | 18:04

Xocalı soyqırımından 31 il keçir. Bu ildönümü münasibəti ilə respublikamızın hər yerində anım tədbirləri keçirilir. Belə tədbirlərdən biri də fevralın 23-də Mingəçevir Dövlət Universitetinin akt zalında keçirildi. Anım tədbirində Xocalı sakinləri, universietin professor müəllim heyəti, ictimaiyyət nümayəndələri, tələbələr iştirak ediblər. Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan “XOCALI SOYQIRIMI: YADDAŞLARA HƏKK OLUNMUŞ QANLI TARİX” mövzusunda keçirilən elmi konfransı giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Xocalı faciəsi ilə bağlı təəssüratlarını bölüşdü. Bu qanlı faciənin yaranma səbəbləri və erməni terrorunun acı nəticləri barədə məlumatları çatdırdı. Qeyd etdi ki, o zamankı dövlət rəhbərlərinin səriştəsiz fəaliyyəti nəticəsində baş verən bu hadisədə fürsət gözləyən ermənilər Rusiyanın 366-cı motoatıcı alayı ilə birləşərək azərbaycanlılara nifrət hisslərini nümayiş etdirdilər. Xocalı yerlə yeksan olundu, günahsız insanlar, uşaqlar, qocalar, qadınlar işgəncələr verilməklə qətlə yetirildi, əsir götürüldü. Bütün bunlar insanlığa qarşı törədilən cinayət idi. Əsrlər keçsə də bu tarixi hadisə unudulan deyil. Ş. Bayramov keçirilən elmi konfransın mahiyyətini açıqlayaraq onun vacibliyini diqqətə çatdırdı. Tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımının unudulmaması üçün təhsil ocaqlarında bu cür anım tədbirlərinin, diskussiyaların, konfransların keçirilməsinin gələcək nəsil üçün bir yaddaş olduğunu bildirdi. Konfransda Xocalıya həsr olunmuş videoçarx nümayiş olundu. Sonra məruzələr dinlənildi. MDU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov “Erməni terrorunun acı nəticəsi: Xocalı soyqırımı”, MDU-nun müəllimi Xocalı sakini Tahirə Quliyeva “Xocalını unutmadıq, unutmarıq, unutdurmarıq”, MDU-nun müəllimi Jalə Qasımova “Xocalı faciəsi Azərbaycan ədəbiyyatında”, MDU-nun müəllimi Səadət Ağakişiyeva “Xocalı soyqırımı dünya mətbuatının gözü ilə” mövzularında məruzələrlə çıxış etdilər. Sonra universitet tələbələrinin ifasında Xocalıya həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.

Keçidlər