Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirildi.
19 aprel 2023 | 16:40
Aprel ayının 19-da Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransa Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov və digər rəsmi şəxslər dəvət olunmuşdular. Konfransdan əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu Öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə etmiş və Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi ilə tanış olmuşlar. Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, sonra Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Açılış nitqi ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış etmişdir. Ulu öndərin hakimiyyətinin birinci və ikinci dövrlərindəki fəaliyyətindən geniş bəhs edən icra başçısı Azərbaycanın aqrar dövlətdən yüksək sürətlə inkişaf edən, intibah dövrü keçirən bir ölkəyə çevirməsini konkret faktlarla şərh etmişdir. Konfransda Ulu Öndərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra məruzələr dinlənilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli “Ulu Öndər-Milli Müstəqillik uğrunda mübarizənin həqiqi carçısı” mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Azərbaycanda elmin və alimin ən böyük himayədarı” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov “Ümummilli lider və Azərbaycanın milli iqtisadi inkişaf strategiyası” mövzusunda, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin milli təhsilimizin inkişafında misilsiz xidmətləri” mövzusunda məruzələrlə çıxış etdilər.