Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universitetində Anım Günü münasibəti ilə tədbir keçirilib

26 sentyabr 2022 | 16:27

Sentyabrın 26-da Mingəçevir Dövlət Universitetinin kollektivi 27 sentyabr Anım gününə həsr olunmuş maraqlı tədbir keçirib. Kollektiv əvvəlcə Mingəçevir Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın qorunması və azad olunması uğrunda həlak olan şəhidlərimizin məzarlarını ziyarət etmiş, onların üzərinə gül dəstələri qoymuşlar. Tədbir sonra universitetin akt zalında şəhidlərimizə həsr olunmuş “Xatirələrdə əbədiləşən qəhrəman şəhidlərimiz” mövzusunda Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı ilə birgə hazırlanan elmi-nəzəri konfrans ilə davam edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutıa yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhdilərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu. Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov konfransın məram və məqsədini açıqlayaraq giriş sözü ilə çıxış edib. Qeyd olunub ki, torpaqlarımızın azad olunmasında universitetin məzunları da iştirak etmişlər. Universitet məzunlarının 6 nəfəri bu döyüşlərdə şəhid olub. Şəhidlərə həsr olunmuş videoçarxda bu barədə təqdimat verilmişdir. Rektor konfransda iştirak edən şəhid ailələrinə və onların qohumlarına dərin hüznlə başsağlığı verərək bütün şəhidlərə Allahdan rəhmət dilədi, döyüşlər zamanı yaralanan qazilərimizə şəfalar arzuladı. Konfransda Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev çıxış edərək konfransın işinə uğurlar arzuladı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Milli Ordumuzun qazandığı möhtəşəm qələbədən bəhs etdi. Şəhidlərimizin şücaətindən, qazilərimizin fədakarlığından danışaraq, vətən torpağı uğrunda canlarını, qanlarını fəda edən Vətən övladlarının keçdikləri mübarizlik yolunun yeni nəsil üçün bir örnək olduğunu bildirdi. Bu baxımdan bu günkü konfransın xüsusi əhəmiyyətini qeyd etdi. Sonra konfransda iştirak edən şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçılarının bir qrupu çıxış edərək ürək sözlərini ifadə etdilər. Konfransda məruzələr dinlənildi. Mingəçevir Dövlət Universitetin müəllimi Gülər Əjdərzadə “Sərkərdəlik istedadı və davamlı qələbələrə zəmanət verən misilsiz cəsarət”, Mingəçevir Dövlət Universitetinin dosenti Asim Məmmədov “Vətən müharibəsinin mülki qurbanlarını unutmayaq, unutdurmayaq”, Mingəçevir Dövlət Universitetinin Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin koordinatoru Minayə Hüseynova “Şəhidlik və mübarizlik əbədiyyətə aparan müqəddəs yol kimi”, və Mingəçevir Dövlət Universitetinin müəllimi Ceyran Vəliyeva “Qəhərmanlıq nümunələrinin şüurumuzda həkk olunmuş ədəbi obrazları” mövzularında məruzələr etdilər”. Məruzələr böyük diqqət və maraqla qarşılandı.

Keçidlər