Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının təbriki

21 iyul 2026 | 13:00

     Hörmətli mətbuat işçiləri, əziz jurnalistlər!

      Sizi, Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, işlərinizdə böyük nailiyyətlər arzulayıram. Əsası 1875-ci ildə "Əkinçi" qəzeti ilə qoyulan milli mətbuatımız əsrlər boyu xalqımızın maariflənməsində, milli şüurunun oyanmasında və haqq səsimizin dünyaya çatdırılmasında xüsusi rol oynamışdır. Azərbaycan Mətbuatının inkişafında ümummilli lider Heydər Əliyevin rolu çox böyük olmuşdur. Keşməkeşli yollar keçən mətbuatımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində yeni inkişaf mərhələsinə çıxmış, azad sözün inkişaf etdirilməsinə xüsusi təkan vermişdir.

     Bu cəhətdən Mingəçevir şəhərində fəaliyyət göstərən mətbuat işçilərinin və eləcə də jurnalistlərin əməyini qeyd etmək istəyirəm. Sizin səmərəli fəaliyyətiniz nəticəsində şəhərimizdə aparılan abadlıq-quruculuq, insanların maddi və mənəvi təminatının inkişafı istiqamətində görülən işlər vaxtında işıqlandırılır və ictimaiyyətə çatdırılır. Bununla yanaşı ölkəmizin həyatında baş verən hadisələrə münasibət bildirməklə onun oxuculara çatdırılmasında öz töhfələrinizi verirsiniz. Mingəçevir şəhəri respubılikamızın ən nümunəvi, abad, təmiz və xüsusən yaşıllıqlarla zəngin bir bölgəsi kimi tanınır. Dövlət Proqramına uyğun olaraq ardıcıl surətdə aparılan əməli işlərdə sizin də xüsusi xidmətləriniz var. Görülən işləri operativ şəkildə işıqlandırır, iti qələminizlə real hadisələrə qiymət verirsiniz. Buna görə sizə təşəkkürümü bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

      Mətbuat həyatın güzgüsü, insanların maarifləndirilməsində xüsusi rolu olan bir körpüdür. Siz mətbuat işçiləri şəhərimizdə keçirilən müxtəlif tədbirləri, görüşləri, konfransları, təqdimatları cəmiyyətə vaxtında təqdim etməklə şəhərimizi tanıdır, insanların məmnunluq hissini artırırsınız. Əlamətdar gün münasibətilə səmimi təbriklərimi çatdırmaqla Sizlərə yeni-yeni uğurlar arzulayıram. Azərbaycanda azad sözün və informasiya siyasətinin inkişafı istiqamətindəki fəaliyyətiniz uğurlara yol açır. Əminəm ki, bundan sonra da cənab Prezidentimizin siyasətini dəstəkləməklə şəhərimizdə həyata keçirilən layihələr, abadlıq-quruculuq işləri barədə maraqlı yazılar verməklə öz fəaliyyətinizi daha da inkişaf etdirəcəksiniz. Buna görə Sizə minnətdarlıq edir, yaradıcılıq uğurları arzulayram.

Bayramınız mübarək. 

İlham İSMAYILOV,

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru

Keçidlər