Şriftin ölçüsü :

Saytın rəngi :

Milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasında Heydər Əliyev faktoru

07 mart 2023 | 17:23

Ulu öndər Heydər Əliyevin anadan olmasıın 100 illiyi münasibəti ilə mart ayının 7-də Gənclər Evində tədbir keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsi ilə birgə “Milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasında Heydər Əliyev faktoru” mövzusunda keçirdiyi tədbirdə Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Turizm Kollecinin və Mingəçevir Tibb Kollecinin tələbə gəncləri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimzin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli ulu öndər Heydər Əliyevin dövlətimizin inkişafında və həyatın bütün sahələrindəki tərəqqisində xidmətlərini qeyd edib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə 2023-cü il Heydər Əliyev ili elan edilib. Bununla əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb və buna müvafiq olaraq şəhərimizin idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində tədbirlər keçirilir. Bu günkü görüşün əsas məqsədi də ulu öndərin keçdiyi şərəfli həyat yolu barədə gəncləri bilgiləndirməkdir. Şəhər rəhbəri qeyd edib ki, hələ hakimiyyətinin birinci dövründə Heydər Əliyev Azərbaycanı digər ittifaq respublikalarından önə çıxara bilmişdi. Azərbaycan dilinin dövlət dili kimi tanınmasında göstərdiyi xidmətlər əvəzsizdir. Hələ o zamanlar milli və dini bayramlarımızın keçirilməsinə xüsusi önəm verir, milli-mənəvi dəyərlərimizin qorunmasına diqqət göstərirdi. Heydər Əliyev ədəbiyyatımızı dərindən bilirdi, mədəniyyətimizə, incəsənətimizə hörmətlə yanaşırdı. İkinci dəfə xalqın təkidli tələbi ilə yenidın hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına xüsusi töhfə vermiş, dövlətimizi parçalanmaq təhlükəsindən xilas etmişdir. Doxsanıncı illərdə ölkəmizi xarici və daxili düşmənlərdən, eyni zamanda o zaman torpaqlarımıza təcavüz edən erməni şovinistlərinin təxribatlarından qoruyan, xilas edən bu dahi şəxsiyyət Azərbaycanın xarici siyasətinə xüsusi diqqət yetirirdi. Ulu öndərin başladığı siyasi xətti uğurla davam etdirən dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fəaliyyəti dövründə Azərbaycanı dünya dövlətləri sırasında tanıtdı, nüfuzlu dövlət tədbirlərinin ölkəmizdə keçirilməsinə imkan yarandı. Məhz bu siyasətin nəticəsidir ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarımız azad olundu. Cənab Prezidentimizin xüsusi səriştəsi sayəsində təşəkkül tapan və formalaşan, bazası genişlənən Azərbaycan Ordusunun, cəsur əsgər və zabitlərimizin rəşadəti ilə Azərbaycan dünya tarixində iyirmi birinci əsrdə Zəfər tarixini yaratdı. Bu Azərbaycanın şanlı səhifəsidir və hər bir azərbaycanlı bununla qürurlanmalıdır. Sonra Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafov çıxış edərək ulu öndərin Azərbaycan dilinin hələ ittifaq dövründə dövlət dili kimi təsis edilməsindən danışaraq önun ədəbiyyatımıza, təhsilimizə, dilimizə, milli dəyərlərimizə, gənclərin təhsilinə və gələcəyinə qayğı göstərməsindən danışdı. Mingəçevir Gənclər Evinin əməkdaşı Samrin Xanlayev Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi qayğıdan bəhs edərək ötən əsrin doxsanıncı illərində, ikinci dəfəki hakimiyyətinin ilk illərindəki fəaliyyətinə toxundu. Gənclər və İdman Nazirliyinin yaranmasından, Gənclər Gününün təsis edilməsindən, Gənclər forumunun keçirilməsindən bəhs edərək ulu öndərin xalqımıza göstərdiyi böyük məhəbbətini vurğuladı.

Keçidlər