Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat işçilərinin peşə bayramı qeyd olundu

22 iyul 2022 | 15:01

Azərbaycan Mətbuatının yaranmasından 147 il ötür. 1875-ci il iyul ayının 22-də Azərbaycanın görkəmli maarifpərvər alimi, ziyalısı Həsən Bəy Zərdabinin rəhbərliyi ilə işıq üzü görən “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan Mətbuatı keşməkeşli yollar keçib. On doqquzuncu əsrin sonlarında və iyirminci əsrin əvvəllərində dəfələrlə təzyiqlərlə üzləşən mətbuatımız senzura və maneələrə, təhdidlərə baxmayaraq xalqımıza şərəflə xidmət göstərib. Bacarıqlı, ləyaqətli jurnalistlərimizin vətənpərvərliyi, yaradıcılıq axtarışları sayəsində ilbəil inkişaf edən mətbuatımız iyirminci əsrin sonlarında Azərbaycan müstəqillik qazandıqdan sonra böhran və xaosun baş alıb getdiyi tənəzzül dövründə də ölkəmizi xarici qüvvələrin hücumlarından, təzyiqlərindən, təxribatlarından qorumaq naminə öz imkanlarını səfərbər edərək dövlətçiliyimizə ləyaqətlə xidmət göstərib. Mətbuat günü münasibəti ilə Mingıçvir şəhər İcra Hakimiyyətində keçirilən görüşə şəhərimizin, eləcə də şəhərimizdə fəaliyyət göstərən regional mətbuat nümayəndələri ilə yanaşı ictimaiyyət nümayəndələri, idarə və müəssisələrin rəhbərləri də iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışaraq bildirib ki, ikinci dəfə hakimiyyətə gəldikdən sonra ulu öndər Heydər Əliyevin mətbuatımıza göstərdiyi diqqət və qayğı sayəsində mətbuat üzərindəki senzura götürülüb, azad mətbuatın inkişafına və tərəqqisinə geniş yol açılıb. Bu uğurlu siyasəti müvəffəqiyyətlə davam etdirən dövlətimizin başçısı İlham Əliyev də mətbuatımıza dailm diqqət və dəstək göstərir. Yaxın tariximizə nəzər salaq. 2020-ci ildə 30 ildən sonra işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsi zamanı Azərbaycana qərəzli münasibət göstərən dünya mətbuatının nümayəndələrinə verdiyi müsahibələrində prezidentimiz İlham Əliyev onların hər birinə qətiyyətlə, sərt formada cavablar verərək Azərbaycan həqiqətlərinin təhrifsiz olaraq dünya ictimaiyyətinə çatdırılmasına nail olub. Vətən müharibəsi zamanı mətbuat nümayəndələrinin vətənpərvərlik nümunələri, hadisələrin sosial şəbəkələr vasitəsilə dünyaya yayılmasında müstəsna xidmətləri danılmazdır. Hər zaman jurnalistlərin yanında olan prezidentimizin 2021-ci il yanvar ayının 12-də imzaladığı Fərmana əsasən MEDİA-nın yaradılması əslində mətbuatmızın, informasiya nümayəndələrinin zəfəridir. Bu bayram münasibəti ilə mən bütün mətbuat işçilərini ürəkdən təbrik edir, yaradıcılıq uğurları arzulayır, qələminiz iti olsun, deyirəm. Çıxış edən “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov peşə bayramı münasibəti ilə mətbuat işçilərini, eyni zamanda xalqımızı təbrik edərək qeyd etdi ki, bu bayram təkcə jurnalistərin bayramı deyil. Mətbuat xalqa xidmət edir, bu bayram hər bir Azərbaycanlının bayramıdır. Hər zaman dövlətçiliyimizə, Azərbaycanın inkişafına xidmıət göstərən “Mingəçevir” qəzetnin kollektivi şəhərimizdə həyata keçirilən bütün tədbirlərin işıqlandıraraq şəhər sakinlərinə çatdırılmasında xidmətini bundan sonra da davam etdirəcəkdir. Tədbirdə çıxış edən digər mətbuat nümayəndələri də təbriklərə qoşularaq fikir və təkliflərini bildirdilər, qarşılaşdıqları problemlərdən söz açdılar. Diskussiaya şəklində davam edən görüşdə şəhər rəhbəri iştirakçıları əmin etdi ki, qaldırılan hər bir problemin həlli diqqətdə saxlanılacaq. Biz hər zaman mətbuatla birgə işləmişik, bundan sonra da belə olacaq. İcra başçısı Mətbuat işçilərinin peşə bayramlarını bir daha təbrik edərək onlara xoş arzularını çatdırdı. Həmin gün mətbuat işçilərinə İcra başçısı adından ziyafət verildi.

Keçidlər