May ayının 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü keçirildi
15 may 2024 | 09:38
Şəhər Statistika idarəsində keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, N.Nərimanov, Nizami, küçələrinin, eləcə də şəhərin müxtəlif ərazilərindən gələn sakinlər iştirak edirdilər.
Görüşü açan şəhər rəhbəri dövlət başçısının tapşırığına uyğun olaraq sakinlərlə keçirilən səyyar görüşlərin vətəndaşların qarşılaşdıqları problemlərin həlli istiqamətindəki müsbət nəticələrindən danışdı. Qeyd etdi ki, şəhər İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq bu il şəhər ərazisində, energetiklər yaşayış massivində, sağ sahil və digər yaşayış massivlərində, yol və səkilərdə əsaslı təmir işləri aparılacaqdır. Yeni nümunəvi məhəllələr yaradılacaq, uşaq və gənclər üçün idman və əyləncə meydançaları hazırlanacaq, idman qurğuları, uşaq atraksionları quraşdırılacaq, vətəndaşların rahat istirahəti üçün oturacaqlar qoyulacaq, söhbətgahlar yaradılacaq, işıqlanma nöqtələri əlavə olunacaqdır. O cümlədən kanalizasiya sisteminin yenilənməsi işlərindən sonra asfaltlanma işləri aparılacaq, dalanların işıqlandırılması sahəsindəki problem aradan qaldırılacaqadır. Görüşdə çıxış edən sakinlər şəhərimizdə həyata keçirilən əsaslı təmir və abadlıq-quruculuq işlərindən, ötən görüşlərdə qaldırılan problemlərin həll olunduğundan söz açaraq vətəndaşların rifah halının yaxşılaşdırılması üçün görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər.
Problemlərdən söz açıldı. Yeni kanalizasiya xəttinin çəkilişindən sonra quraşdırılma işlərinin başa çatmaması səbəbindən bəzi küçələrdə asfaltlanma işlərinin aparılmaması, oturacaqların və söhbətgahların azlığı və ya olmaması, zirzəmilərdə su yığıntısının antisanitar vəziyyət yaratdığı, binaların qarşısında bordürlərin olmaması, şəhid bulağına yeni kanalizasiya xəttinin qoşulmaması diqqətə çatdırıldı. Bazarın qarşısında və ətrafında mövcud olan qeyri mütənasib vəziyyətin şəhərin görkəminə xələl gətirdiyi, eyni zamanda sakinlər tərəfindən narahatlıqla qarşılandığı və bu problemin qarşısının alınmasının zəruriliyi qeyd olundu.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həllinə münasibətini bildirərək aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.