Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 19-da abadlıq-quruculuq işləri və əsaslı təmir işləri başa çatmış ərazilərə ictimai baxış keçirilib.

19 mart 2026 | 14:53

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul əməkdaşları, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, Mingəçevir Dövlət Universitetinin, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

İlk olaraq Heydər Əliyev prospektindəki 20 Yanvar və Puşkin küçələrinin aralığında yerləşən sağ və sol tərəfdəki xiyabanlara gələn tədbir iştirakçıları yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, abadlıq işlərinə ötən ilin payız aylarında başlanıb. 600 kvadrat metrdən artıq olan ərazidə mövcud olan bioloji ömrünü başa vurmuş ağaclar budanıb, tamet döşəmələr bərkidilib, ətrafına səkilər qoyulub. Layhəyə əsasən xiyabanlarda yaşıllıq zolaqları genişləndirilib, həmin sahələrə 30 kub peyin, 60 kub torpaq tökülüb, 850 kvadratmetr sahəyə qazon toxumu səpilib. 300 ədədə yaxın şam, kiparis-sərv, yapon əzgili, limon şam ağacları, 200-dən artıq müxtəlif növ bəzək kolları, 1000-lərlə mövsümi çiçəklər əkilib, 200 metrlik suvarma xətti çəkilib. Xiyabanda fəvvarə quraşdırılıb, uşaqlar üçün əyləncə meydançası, böyüklər üçün idman kompleksi yaradılıb. Üç kölgəlik, 40 ədəd müasir oturacaq yerləşdirilib, müvafiq yerlərə 40 ədəd zibil qabları qoyulub. İşıqlanma sisteminə əlavələr edilib, yeni işıq nöqtələri yaradılıb. Vətəndaşların rahat istirahəti, uşaq və gənclərin əylənməsi üçün gözəl şərait yaradılıb. Yeraltı piyada keçidinin izolyasiya qatının yenilənməsi və tamet daşlarının döşənməsi işləri yerinə yetirilib.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının sayəsində şəhərimizdə həyata keçirlən abadlıq-quruculuq işlərinin sahəsi genişləndikcə insanda fərəh hissi yaranır. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, İşıqlanma İdarəsinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivlərinin yorulmadan çalışmalarının, gərgin əməyinin sayəsində Novruz bayramı günlərində biz bu xiyabanların açılışını edirik. Şəhərimizdə yeni park və xiyabanların salınması, yaşıllıq və istirahət məskənlərinin müasir tələblərə uyğun yenilənməsi Mingəçeviri daha da inkişaf etdirir, vətəndaşların asudə vaxtlarının səmərəli keçirməsinə şərait yaradır, ekoloji mühitin yaxşılaşmasını təmin edir. Bu il isə tədbirlər planına uyğun olaraq Heydər Əliyev prospektindəki daha iki xiyabanda, Puşkin və Nizami küçələrinin aralığında olan ərazilərdə yenidənqurma işləri aparalacaqdır. Əsas məqsədimiz şəhərimizi gözəlləşdirmək, hüsnünə əlavələr etmək, vətəndaş məmnunluğuna nail olmaqdır.

Sonra tədbir 76-cı məhəllədə yerləşən nümunəvi məhəlləyə baxışla davam edib. Ü.Hacıbəyli küçəsindəki 78, 80, M.Maqomayev küçəsindəki 79, 81 Rəsul Rza küçəsindəki 23 saylı çoxmənzilli yaşayış binalarında Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin işçiləri tərəfindən əsaslı təmir işləri aparılıb. Binaların fasadları rənglənib, giriş bloklarının divarları suvanaraq rənglənib, plastik pəncərə çərçivə-şüşəbəndləri salınıb, seyf qapılar yerləşdirilib. Layihə çərçivsində kommunal xidmət müəssisələri tərəfindən binaların qarşısında kölgəliklər və müasir oturacaqlar qoyulub. Məhəllədə mini futbol və basketbol meydançaları, uşaqlar üçün əyləncə, böyüklər üçün isə idman kompleksləri yaradılıb. Ərazidə asfaltlanma işləri həyata keçirilib. İşıqlanma sistemi yenidən qurulub.Yaşıllıq zolaqlarına onlarla müxtəlif ağac tingləri, dekorativ güllər əkilib, torpaq sahələri yumşaldılıb.

Məhəllənin abadlaşmasına Mingəçevir Bələdiyyəsi də töhfə verərək xeyir-şər mağarının ətrafının səliqəyə salınmasına, rənlənməsi işlərinin aparılmasına dəstək göstərib. Şəhər rəhbəri ötən illər ərzində şəhərimizin müxtəlif ərazilərində nümunəvi məhəllələrin yaradıldığını, binaların əsaslı təmir edildiyni, vətəndaşların səmərəli istirahəti üçün zəruri tədbirlərin görüldüyünü və bütün bunların razılıqla qarşılandığını qeyd edib.

Cari ildə də bu cür quruculuq işlərinin davam etdiriləcəyini bildirib. Ölkəmizin hər bir bölgəsində olduğu kimi Mingəçevirdə də reallaşan layihələrin dövlətimizin başçısının qayğısının təzühürü olduğunu vurğulayaraq tədbir iştirakçılarını, sakinləri, meydançalarda əylənən uşaları Novruz bayramı, eləcə də müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək xoşbəxtlik, can sağlığı, sevinc dolu, ruzili, bərəkətli həyat arzulayıb.

Keçidlər