Mart ayının 7-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə görüş keçirilib.
07 mart 2025 | 15:52
Şəhərin müxtəlif idarə və müəssisələrini, ictimai təşkilatlarını təmsil edən qadınların, şəhid ailələrinin qadın nümayəndələrinin, mətbuat işçilərinin iştirak etdiyi görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əziz bayram, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib. Qeyd edib ki: “Azərbaycan qadını ölkəmizdə sülhün və əmin-amanlığın qorunub saxlanması naminə əzmkarlıq göstərir, milli-mənəvi dəyərlərin daim yaşadılması və mədəniyyətimizin inkişaf etdirilməsi üçün var qüvvəsini sərf edir. Mingəçevirin inkişafında xidmətləri olan, həyatın müxtəlif sahələrində fəaliyyət göstərən qadınların əməyi danılmazdır. Əziz qadınlar, sizlər gəncləri Vətənə sədaqət ruhunda tərbiyə edərək onları xalqa, cəmiyyətə layiqli övlad yetişdirmək kimi üzərinizə düşən ağır yükün öhdəsindən şərəflə gəlirsiniz. Fədakarlığınıza görə Sizə dərin minnəndarlığımı bildirir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik və doğma Azərbaycanımızın işıqlı sabahı naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.”
Tədbirdə şəhid anaları Lətifə Mirabova, Nəhayət Həsənova, Mingəçevir Dövlət Universitetinin kafedra müdiri Esmira Cəfərova, “Şəhid ailələri müdafiə Cəmiyyəti”nin Mingəçevir şəhər şöbəsinin sədri İranə Həsənova, Ruhi-əsəb Dispanserinin baş həkimi Şəmsinur Hüseynova və başqaları çıxış edərək təbriklərini çatdırıblar. Ölkə Prezidentinin diqqət və qayğısı, Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə vurğulanıb.
Sonda şəhərin ictimai həyatında səmərəli xidmətləri olan bir qrup qadına Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və xatirə hədiyyələri təqdim olunub.