Şriftin ölçüsü :

Saytın rəngi :

Mart ayının 19-da Mingəçevirdə Novruz Bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.

19 mart 2026 | 15:24

 Səməd Vurğun Meydanında keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin, Azərbaycan İES MMC-nin, Mingəçevir Dövlət Universitetinin, Tibb Kollecinin, Turizm Kollecinin rəhbərləri və əməkdaşları, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət və mətbuat nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Mədəniyyət işçilərinin təqdim etdiyi musiqi nömrələri, Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəngarəng rəqsləri, pəhlivanların, kəndirbazların, idmançıların yarışmaları, Novruzun özəlliyi olan Dədə Qorduqun Bahar qızla birgə səhnəyə gəlişi və söhbətləri, el bayramının atributları olan Keçəl və Kosanın məzhəkələri, yumurta döyüşləri milli-mənəvi dəyərlərimizin qorunmasını nümayiş etdirirdi. Şəhərin təhsil ocaqlarının, mədəniyyət və idman müəssisələrinin hazırladıqları Novruz bayramını əks etdirən guşələr də baharın gəlişini müjdələyirdi. Bir-birini təbrik edən vətəndaşların çöhrəsində xoş əhval ruhiyyə hiss olunurdu. Hər bir çıxış, musiqi nömrələri alqışlarla qarşılanırdı.

Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Novruzun gəlişi qəlbimizdə xoş hisslər oyadır. Bu ilki Novruz bayramının müqəddəs Ramazan bayramı ilə eyni günə təsadüf etməsi isə sevincimizi ikiqat artırır. Ulu babalarımızdan bizə yadigar qalmış bu bayram xalqımızın adət-ənənələrini özündə əks etdirir. Novruz mənəvi dəyərlərimizi özündə yaşadır, insanlar arasında birliyi, mehribanlığı möhkəmləndirir. Novruz bayramı Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dövlət səviyyəsində qeyd edilməyə başlanıb. Bu siyasətin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev də milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsini daim diqqətində saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın apardığı işlər nəticəsində Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildən BMT Baş Assambleyasının qərarına əsasən mart ayının 21-i “Beynəlxalq Novruz günü” elan edilmişdir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyimizin bərpa olunması sevinc hissimizi ikiqat artırır. Artıq illərdir ki, azad olunmuş ərazilərimizdə də Novruz bayramı təntənə ilə qeyd edilir. Bu zəfəri bizə yaşadan Ali Baş Komandanımıza və Milli Ordumuzun hər bir əsgər və zabitinə, qazilərimizə hörmət və ehtiramımızı bildirməklə, onları Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Novruzun gəlişi münasibəti ilə hər birinizi ürəkdən təbrik edir, sizlərə can sağlığı, xoşbəxtlik, sevinc və səadət dolu ömür arzu edirəm, -deyən şəhər rəhbəri cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhərimizdə həyata keçirilən geniş quruculuq işlərindən bəhs edib. Yaşayış binalarında, xiyabanlarda quruculuq və əsaslı təmir işlərinin aparılmasının, nümunəvi məhəllələrin yaradılmasının, insanların mənalı istirahəti, gənclərin, uşaqların əylənməsi üçün idman meydançalarının yaradılmasının davam etdiriləcəyini bildirib. Qeyd edib ki, Novruzun gəlişi insanlarda gözəl əhval-ruhiyyə, həyat eşqi yaradır. Novruz bayramının şəhərimizdə yüksək səviyyədə qeyd olunması məqsədi ilə tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində, idman meydançalarında rəngarəng tədbirlər keçirilir. Müqəddəslik rəmzi kimi ata-babalarımızdan bizə əmanət qalan əziz bayramımızı yaşatmaq, qorumaq, gələcək nəsillərə çatdırmaq bizim ən böyük borcumuzdur. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, dünyaya tanıtdıran Novruz qədim dövrlərdən sülh və əmin-amanlığın təminatçısı, insanlar arasında birlik və mehribanlığın nişanəsi olub. Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, həmçinin onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmziləşdirib. Əziz dostlar, hər birinizə uzun ömür, can sağlığı, xoşbəxt həyat arzulayıram. Qoy bu bayram sizlərə sevinc, firavanlıq, xoş günlər nəsib etsin. Novruz süfrələriniz zəngin, ruzulu-bərəkətli olsun, xoşbəxtlik, gözəl əhval ruhiyyəli günlər həyatınızdan əksik olmasın. Bayramınız mübarək.

Sonra millət vəkili Aydın Mirzəzadə çıxış edərək xoş arzularını çatdırıb, xalqımıza firavanlıq, səadət dolu ömür arzulayıb. .

Keçidlər