Şriftin ölçüsü :

Saytın rəngi :

Mart ayının 15-də Mingəçevir şəhər İcra Hakimiyyətində ictimai təşkilatların rəhbərləri ilə görüş keçirilib.

15 mart 2023 | 17:08

Hər il Novruz bayramı ərəfəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimai təşkilatların rəhbərləri ilə görüşüb məsləhətləşmələr aparır. Məqsəd ictimai təşkilatlara üzv olan sakinlərin vəziyyətləri haqqında məlumatlar əldə etmək, onların yaşam tərzləri ilə maraqlanmaqdır. Bu dəfə də belə bir görüş şəhər İcra Hakimiyyətinin müşavirə zalında baş tutdu. Görüşdə şəhid ailələrinin müdafiə cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ qaziləri ictimai birliyinin sədri Məxluq Həsənov, Qarabağ müharibəsi, əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, Qarabağ əlillərinə qayğı ictimai birliyinin sədri Oqtay Cəfərov, Azərbaycan Vətən müharibəsi birliyinin şəhər şöbəsinin nümayəndəsi, mətbuat işçiləri iştirak edirdilər. Görüşü giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimai təşkilat rəhbərlərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik etdi, onlara ən xoş, səmimi arzularını bildirdi. Bütün bu təbriklərin təşkilat üzvlərinə çatdırılmasını onlardan xahiş etdi. Qeyd etdi ki, hər il ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən şəhid ailələrinə, müharibə əlillərinə, o cümlədən bu qəbildən olan digər insanlara bayram sovqatı verilir. Bu il də biz belə qərara gəlmişik ki, bayram sovqatı vaxtında insanlara çatdırılsın. Mingəçevirdən cəmi 575 nəfər, 285-i şəhid ailəsi, 190-nəfəri müharibə əlili olmaqla bayram sovqatı paylanılacaq. Təşkilat rəhbərlərindən xahişim budur ki, ayrılmış bu bayram sovqatını həmin ailələrə çatdırsınlar. Şəhər rəhbəri eyni zamanda şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında geniş məlumat verdi. Bildirdi ki, Mingəçevirin ən bəlalı, yaralı yeri şəhərdə işsizliyin olmasıdır. Bu istiqamətdə artıq güclü iş gedir. Azərbaycan İstilik Elektrik Stansiyasında yeni şəbəkənin tikintisi, eləcə də Mingəçevir Dövlət Universitetinin yeni layihəsinin həyata keçirlməsi, o cümlədən keçmiş regenerat zavodunun ərazisində müasir tələblərə cavab verəcək obyektlərin hazırlanması bizə imkan verir deyək ki, bu boşluqların bir hissəsini aradan götürə biləcəyik. Burada çalışanların böyük əksəriyyəti Mingəçevir sakinləri olacaqdır. Biz eyni zamanda şəhərimizin qarşıdan gələn 75 illik yubileyinə də hazırlıq məsələləri üzərində işləyirik. Məqsədimiz budur ki, yubileyi böyük əhval ruhiyyə ilə qarşılayaq. Geniş məlumatlardan sonra icra başçısı bir daha iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik edərək onlara öz fəaliyyətlərində uğurlar arzuladı. Görüşdə ictimai təşkilat rəhbərlərindən İranə Həsənova, Əlağa Bəndəliyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ilk növbədə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Əminliklə bildirdilər ki, onlara tapşırılan işin öhdəsindən layiqincə gələcəklər.

Keçidlər