İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Mingəçevirə səfəri çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb
07 avqust 2026 | 10:04
İlham İsmayılov səfiri salamlayaraq ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. İsrailin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu diqqətə çatdlrıb. İki ölkə arasında dostluq əlaqələrərinin tarixinə toxunaraq qeyd edib ki, xalqlarımız bir-birinin dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşırlar. Şəhər İcra Başçısı qeyd edib ki, Azərbaycan və İsrail dövlətləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq yalnız iqtisadi-strateji faydayla deyil, həm də ənənəvi tarixi mədəni köklərə əsaslanır. Dövlətlərimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənir.
Sonra Mingəçevir şəhəri haqqında məlumat verib. Bildirib ki, qədim yaşayış məskənlərindən olan Mingəçevir 1948-ci ildə şəhər statusu alıb. Ulu Öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə şəhərin inkişafına böyük töhfələr verib. Burada şəhər əhalisi ilə yanaşı keçmiş məcburi köçkünlər də yaşayırlar. Zaqafqaziyanın enerji mərkəzi olan Mingəçevirdə Azərbaycan İES, Mingəçevir SES, 8 Noyabr Elektrik Stansiyası, eyni zamanda bir çox sənaye müəssisələri fəaliyyət göstərir.
Şəhərdə bir universitet, iki kollec, iki lisey, o cümlədən gimnaziya, peşə məktəbi, tam orta məktəblər, uşaq bağçaları körpələr evləri, mədəniyyət, səhiyyə və idman müəssisələri fəaliyyət göstərir. Hələ sovet dönəmində turizm potensialı geniş olan şəhərdə Kür OlimpiyaTədris İdman Mərkəzində müasir quruculuq işləri aparıldıqdan sonra su idman növü üzrə beynəlxalq idman yarışları keçirilir. İlham İsmayılov ölkəmizin tolerant və multikultural olduğunu, burada müxtəlif xalqların və dini icmaların qarşılıqlı hörmət şəraitində yaşadığını vurğulayıb. 2020-ci ildə Vətən müharibəsində yəhudi əsilli vətəndaşların da döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərdiyini bildirib. Bu barədə cənab Prezident İlham Əliyev qeyd edib ki, " yəhudi icmasının üzvləri- Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar".
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Ronen Klauz Mingəçevirdə olduğundan məmnunluğunu qeyd edib. Azad olunan torpaqlarımızda, Şuşada, Laçında, Şərqi Zəngəzurda 3 dəfə olduğunu, bundan sonra Azərbaycanın digər bölgələrinə də səfər edəcəyini bildirib.
Sonra səfir Azərbaycan İES-də, 8 Noyabr Elektrik Stansiyasında, Mingəçevir SES-də və Mingəçevir Tekstil MMC- də olub.