Şriftin ölçüsü :

Saytın rəngi :

İSMAYIL SƏLİM OĞLU İMANZADƏ

22 iyun 2026 | 18:42

        Mingəçevir ictimaiyyətinə ağır itki üz vermişdir. Uzun illər “Mingəçevir” qəzetinin müxbiri vəzifəsində çalışmış, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış ədəbiyyat adamı, şair, publisist İsmayıl Səlim oğlu İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı il tarixdə 81 yaşında Mingəçevirdə vəfat etmişdir.

      İsmayıl Səlim oğlu İmanzadə 10 dekabr 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1965-ci ildə indiki Gəncə Dövlət Universitetini bitirib. Uzun illər müxtəlif orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb.

       Cəbrayıl rayonunun erməni quldurları tərəfindən işğalından sonra, 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşan İsmayıl müəllim uzun illər Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan "Səda" qəzetində şöbə redaktoru, sonradan “Mingəçevir” qəzetinin müxbiri vəzifələrində çalışıb. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri, “İnam” qəzetinin, "Bənövşə" və "Mingəçevir leysanı" ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktoru olub.

       İsmayıl İmanzadə ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir. Mingəçevirin ədəbi mühitində imza qoymuş, ictimai-siyasi həyatında fəallığı ilə seçilmişdir. Fəaliyyəti dövründə Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilən tapşırıq və tösviyyələri layiqincə yerinə yetirmiş, ədəbi-bədii tədbirlərin keçirilməsində fəallıq göstərmişdir. Əməkdaşı olduğu “Mingəçevir” qəzetinin səhifələrində nəşr olunan çoxsaylı yazıları ilə şəhər ictimaiyyətinin hörmətini qazanmışdır. Dəfələrlə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanına və qiymətli hədiyyələrinə layiq görülmüşdür.

         İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında nəşr olunmuşdur. Müxtəlif nəşriyyatlarda onlarla kitabı işıq üzü görmüşdür. Şeirlərinin mövzusu da vətənpərvərlik duyğulu idi, yurd nisgilli nəğmələr, bayatılar idi. Uşaqlar üçün yazdığı şeirlərinin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün nəşr olunan dərsliklərdə yer alıb. Altmışa yaxın şeirinə görkəmli bəstəkarlar tərəfindən musiqi bəstələnib. O, təkcə istedadlı ədib deyil, həm də fədakar ziyalı, qayğıkeş rəhbər idi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri kimi gənc istedadların üzə çıxarılmasına, ədəbiyyatımızın inkişafına və içtimaiyyət arasında layiqincə təmsil olunmasına əmək sərf etmiş, həmişə qələm əhlinin yanında olmuşdur.

        O, görkəmli söz və sənət adamı olmaqla yanaşı, həm də gözəl insan idi. Həlim xasiyyəti, haqqa və ədalətə söykənməyi, obyektivliyi, səmimi münasibəti ilə şəhər ictimaiyyəti və yaradıcı insanlar arasında hörmət və nüfuz qazanmışdı. Ailəli idi, övladı və nəvələri var.

       Tanınmış şair publisist unudulmaz qələm ustası İsmayıl İmanzadənin əziz xatirəsi onu tanıyanların, ədəbiyyat və incəsənət sevənlərin, əzizlərinin, doğmalarının, dostlarının qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!

      Mingəçevir şəhər İcra Hakimiyyəti

Keçidlər