“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda dəyirmi masa keçirilib.
12 aprel 2023 | 17:28
Mingəçevir şəhəri üzrə Maliyyə Şöbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri Mingəçevir Şəhəri üzrə Maliyyə Şöbəsinin rəisi Sultan Əsədov açaraq qeyd etdi ki, hazırda bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi daim diqqət mərkəzində olacaqdır. Çünki ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Azərbaycan xalqı bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi rəhbəri, ümummilli lideri olduğu üçün çox xoşbəxtdir. İndidə ona görə xoşbəxtdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursa onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaratmışdır.Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi Zəfərə gedən yolun əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə qoyulub. Digər çıxışçılar Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər. Qeyd edildi ki, 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq ümummilli lider Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Sonda Sultan Əsədov bildirdi ki, əbədiyaşar lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şüurunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu bir daha təsdiqləyir.