“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”
14 mart 2023 | 16:14
Mart ayının 14-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Mərkəzin foyesində Ulu öndərə həsr olunmuş sərgiyə baxış olub. Könfransda Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunub. Şəhər ictimaiyyətinin nümayəndələrinin, şəhid ailələri üzvlərinin, birinci və ikinci Qarabağ müharibələrinin veteranlarının, əlillərinin, qazilərin, mətbuat işçilərinin iştirak etdiyi könfransı açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. 28 noyabr 2022-ci il tarixdə isə “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş Təqvim Planına uyğun olaraq bu gün “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçiririk. Bu günkü konfransımızda Milli Məclisin deputatı Aydın Mirzəzadə iştirak edir. Bildiyiniz kimi Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə azərbaycan dilinin əhəmiyyəti artmış, milli dövlətçilik düşüncəsi, təhsilin, mədəniyyətin, xalq təsərrüfatının inkişafı baş vermişdir. Azərbaycançılıq ideologiyası istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşmışdır. 1993-cü ilin iyun ayının 15-də Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Ulu öndərin gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılıq formalaşdı. Ulu öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında azərbaycançılıq təlimi ön plana çəkilmişdir. Dünya Azərbaycanlılarının I qurultayındakı çıxışında o qeyd etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, yaşatmalıyıq”. Belə demək olar ki, Ulu Öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Hər bir dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə yanaşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş, milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan sonra azad edildi. Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır. Milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq bu gün də Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi fikrə diqqət edək: “Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir”. Bizim vəzifəmiz bu gündən sonra da azərbaycançılıq məfkurəsini davam və inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşmək və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməkdir. Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi müasir ideologiyamızın əsasıdır”, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Dünya azərbaycanlılarının mənəvi ideoloji həmrəyliyi ölkəmizin inkişafının əsasıdır”, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Qloballaşan dünyada milli mənsubiyyətimizin qarantı azərbaycançılıq simvoludur”, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlı gənc üçün həyat məktəbidir” mövzularında məruzələrlə çıxış etmişlər. Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında “Yolumuz Heydər yoludur” adlı kompozisuya təqdim olundu.