Heydər Əliyev Mərkəzində Elmi nəzəri konfrans keçirildi
10 dekabr 2022 | 11:29
Dekabr ayının 10-da Heydər Əliyev Mərkəzində 12 dekabr Ulu öndər Heydər Əliyevin Anım günü münasibəti ilə “Heydər Əliyev- tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, əbədiyaşar lider” mövzusunda Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə elmi nəzəri konfransı keçirildi. Konfrans Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş video çarxla başladı və ulu öndərin xatirəsi bir dəqiqlik sükutla yad edildi. Konfransın gündəliyinə uyğun olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş sözü ilə çıxış etdi. Ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycanın yüksəlişi naminə həyata keçirdiyi əməli işlərdən bəhs etməklə onun tarixi xidmətlərindən söz açdı. “Tarixdən heç bir şeyi silmık olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur”- deyən Heydər Əliyevin Azərbaycanın memarı və qurucusu olduğunu diqqətə çatdırdı. Dekabrın 12-də ulu öndərin Anım günü olduğunu və bu böyük hadisənin Azərbaycanın hər yerində qeyd olunduğunu bildirdi. YAP Mingəçevir şəhər təşkilatı ilə birgə keçirilən elmi nəzəri konfransın əhəmiyyətindən bəhs etdi. Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev “Ümummili lider Heydər Əliyev dövlətçilik tariximizdə xüsusi xidmətləri olan tarixi şəxsiyyətdir”, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova “Heydər Əliyev yüksək şəxsi keyfiyyətlərə malik olan dövlət xadimidir”, Uşaq Gənclər və İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva “Heydər Əliyev əməlləri ilə qəlbimizdə yaşayan əbədiyaşar liderdir”, Mingəçevir şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin baş məsləhətçisi cavid Məmmədov “Müasir Azərbaycanın uğurları Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf younun davamıdır” məruzələri ilə çıxış edərək tarixi şəxsiyyətin dövlətimizin inkişafı, müstəqilliyimizin qorunması naminə gördüyü işlərdən bəhs etmişlər. Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov konfransın işinə yekun vurdu.