Şriftin ölçüsü :
Saytın rəngi :
Mingəçevir şəhər ictimaiyyətinə ağır itki üz vermişdir. Uzun illər Azərbaycan İES-də məsul vəzifələrdə işləmiş, ömrünün son illərində “Azəristiliktəchizat” ASC-nin Mingəçevir şəhəri üzrə rəhbəri kimi fəaliyyət göstərmiş Firdovsi Cəlil oğlu Mahmudov 75 yaşında vəfat etmişdir.
Firdovsi Cəlil oğlu Mahmudov 1950-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Qızılşəfəq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı şəhərinə gəlib. Azərbaycan Neft və Sənaye Universitetində (o zamankı Azərbaycan Neft və Kimya İnstitutu) təhsil alıb. Yüksək ixtisaslı mütəxəssis kimi təyinatla Şirvan İES-də əmək fəaliyyətinə başlayıb. 1982-ci ildə Azərbaycanın ən böyük enerji müəssisəsi olan Mingəçevir İstilik Elektrik Stansiyasına ixtisaslı kadrlara böyük tələbat olduğuna görə, F.Mahmudov digər həmkarları ilə birlikdə Mingəçevirə gəlib, stansiyada qazan-turbin sexinin rəisi vəzifəsinə təyin olunub. İşinə məsuliyyətlə yanaşan, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən F. Mahmudov stansiyann direktor müavini vəzifəsinə qədər yüksəlib, kollektivin hörmətini qazanıb. Şəhərin ictimai-siyasi həyatında yaxından iştirakı ilə nümunə göstərib. Sonralar “Azəristiliktəchizat” ASC-nin Mingəçevir şəhəri üzrə rəhbəri kimi fəaliyyəti dövründə də işinə məsuliyyətlə yanaşaraq verilən tapşırıqları layiqincə yerinə yetirib. Nümunəvi fəaliyyətinə görə dəfələrlə mükafatlara, fəxri fərmanlara layiq görülüb.
13 yanvar 2026-cı ildə vəfat edib.
Ailəli idi, 4 övladı olub.
Yaxşı dost, səmimi və təvazökar insan olan Firdovsi Mahmudov onu sevənlərin qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin.
Mingəçevir şəhər İcra Hakimiyyəti.