Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 26-da Mingəçevirdə Xocalı Soyqırımının 32-ci ildönümü qeyd olundu.

26 fevral 2024 | 17:23

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Xocalı sakinləri, şəhid ailələrinin üzvləri, birinci və ikinci Qarabağ müharibəsi veteranları, qazilər, müharibə və əmək veteranları, YAP Mingəçevir şəhər təşkilatının rəhbərliyi və fəalları, idarə, müəssisə və təşkilatların, ictimai qurumların təmsilçiləri, mətbuat işçiləri, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin kollektivləri Şəhidlər Xiyabanına gedərək Soyqırım abidəsinin önünə gül dəstələri qoymuşlar. Məktəblilər Soyqırımla bağlı kompozisiya təqdim etmiş, 32 il əvvəl erməni şovinistlərinin Xocalıda törətdikləri qətliamı pisləmişlər. Tədbir şəhər İcra Hakimiyyətində davam etdirilib. İştirakçılar əvvəlcə Xocalı Soyqırımı zamanı, eləcə də torpaqlarımızım qorunması və azad olunması uğrunda həlak olan şəhidlərmizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbiri açaraq tariximizin acı səhifələrini vərəqləyib. O zaman, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni hərbi birləşmələrinin 366-cı rus alayının köməyi ilə törətdikləri amansız Soyqırım hadisələrini yada salıb. Qeyd olunub ki, həmin illərdə ölkəmizdə mövcud olan anarxiya, hakimiyyətdəki qüvvələrin səriştəsizliyi, xaos və özbaşınalıq səbəbindən yurdumuzun Qarabağ bölgəsində, xüsusilə Xocalıda baş verən dəhşətli qətl hadisələri xalqımızın yaddaşında acı bir iz salıb. Qonşu bildiyimiz erməni şovinistləri 200 il ərzində gizlin formada başladıqları etnik təmizləmə əməliyyatını, həm də Azərbaycan torpaqlarında, məhz həmin gecə daha dəhşətli formada törədərək öz simalarını göstərdilər. Hadisələrin ilk vaxtında xalqımıza qarşı törədilən bütün vəhşiliklər nədənsə gizlədilir, dünyaya yayılmırdı. Məhz ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Xocalı hadisələrinə siyasi qiymət verildi, Soyqırımın dünya ictimaiyyətinə çatdırılması prosesinə başlanıldı. Düşmənlərimizin başladığı bu cinayət hadisələri illər uzunu müxtəlif formalarda davam etdirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi səriştəsi və bacarığı, qətiyyəti sayəsində ordu quruculuğu gücləndi, 2016-cı ildə aprel hadisələri zamanı ilk qələbə əldə edildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi erməniləri kapitulyasiya aktına imzalamağa sövq etdi. Torpaqlarımızın azad olunması Azərbaycanın dünyadakı nüfuzunu artırdı, cənab Prezidentimizin dünya tarixində siyasi xadim kimi qətiyyətini üzə çıxardı. Fərəhli hadisələrin, Azərbaycan tarixinin şanlı səhifələrnin davamı olaraq 2023-cü il sentyabr hadisələri zamanı düşmənin növbəti təxribatına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən lokal tipli antiterror əməliyyatları isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına imkan yaratdı. Oktyabr ayında cənab Prezidentimiz 32 il əvvəl günahsız insanların qanı tökülməklə, əsir alınmaqla, amansız işgəncələr törədilməklə tərk etdikləri Xocalıda Azərbaycanın üçrəngli Bayrağını yüksəldərək daha bir şərəfli tarix yazdı.

Çıxış edən Xocalı sakini Zahir Usubov Soyqırım hadisələrindən və baş vermə səbəblərindən danışdı, xatirələrini dilə gətirdi, törədilən qətllərin, amansızlıqların cavabının verildiyini bildirdi və uzun illərdən sonra ata yurdunun azad olunmasına olan inamını xatırlatdı. Cənab Prezidentə, hərbçilərimizə minnətdarlığını ifadə etdi. YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ictimaiyyət nümayəndələrindən Fərman Nəbiyev, İxtiyar Həsənli, Bəhlul Yusifov fikirlərini səsləndirdilər. Sonda xocalılara sovqat verildi.

Keçidlər