Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 26-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş görüş keçirilib.

26 fevral 2025 | 15:04

İştirakçılar əvvəlcə Mingəçevir Şəhidlər Xiyabanında Soyqırım abidə-kompleksinin qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Xocalılarla görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, YAP Şəhər Təşkilatının, şəhər Bələdiyyəsinin, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, qazilər, şəhid ailələrinin üzvləri, mətbuat işçiləri iştirak ediblər. Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın qorunması və azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlıları və Rusiyanın 366-cı moto-atıcı alayının iştirakı ilə əliyalın Xocalı əhalisinə qarşı soyqırımı edilmişdir. Xocalı faciəsində 613 sakin qətlə yetirilmişdir ki, bunların da 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirmişdir. 487 nəfər yaralanmış, 1287 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən 24 fevral 1994-cü ildə siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində işlər görülmüş, faciənin Beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün əməli tədbirlər həyata keçirilmişdir. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan edilmiş və hər il fevral ayının 26-da saat 17:00-da Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir. Cənab Prezidentimiz Xocalılara və bütün məcburi köçkünlərə diqqət və qayğı göstərir. Mingəçevir şəhərində məskunlaşan 91 ailə 353 nəfər hər zaman qayğı ilə əhatə olunur.

Şəhər rəhbəri qeyd edib ki, Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın bir müddətdən sonra işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olunub, sərhədlərimiz bərpa edilibdir. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 2023-cü ilin 19 sentyabrında cənab Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərdə antiterror əməliyyatı zamanı, 23 saat 43 dəqiqə ərzində 90-a yaxın strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü, bütün Qarabağ torpağı seperatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu.

15 oktyabr 2023-cü ildə Prezidentimiz, cənab İlham Əliyev Xocalı şəhərində Azərbaycan bayrağını ucaltdı. Bu gün Xocalıda böyük tikinti-quruculuq işləri aparılır, xocalılar doğma yurdlarına qayıdırlar. Xocalıda həyat yenidən bərpa olunur. Faciə heç zaman unudulmayacaq, gün o gün olsun ki, Mingəçevirdə məskunlaşan xocalılar da öz ata yurdlarına qayıdaraq xoşbəxt ömür sürsünlər.

Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Zahir Usubov, Xocalı sakinləri Fizuli Allahverdiyev, Şahmalı Quliyev, YAP Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “Şəhid Ailələrini Müdafiə Cəmiyyəti”nin Mingəçevir şəhər şöbəsinin sədri İranə Həsənova çıxış ediblər.

Sonda Xocalı şəhid ailələrinə ərzaq bağlamaları verilib

Keçidlər