Şriftin ölçüsü :

Saytın rəngi :

Facebook sosial şəbəkəsində yer almış “Mingəçevirdə Kür çayının sahilində “sahil” parkında yaranmış vəziyyətin aradan qaldırılmasına dair şikayəti ilə əlaqədar məlumat

05 avqust 2022 | 17:44

  Vətəndaş Fərid Zamanovun və digərlərinin facebook sosial şəbəkəsində yer almış “Mingəçevirdə Kür çayının sahilində “sahil” parkında yaranmış vəziyyətin aradan qaldırılmasına dair şikayəti ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə şəhər ərazisində mövcud olan parklar Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Parkda olan yaşıllıq zolaqları, ağac, gül və kollarına qulluq isə şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən həyata keçirilir. Son zamanlar “Sahil” parkında yaranmış vəziyyət şəhər İcra Hakimiyyətini də ciddi narahat edir. Bununla əlaqədar məsələ şəhər Bələdiyyəsinin sədrinin və şəhər Polis şöbəsinin rəisinin iştirakı ilə şəhər İcra Hakimiyyətinin başçısı yanında Şurada müzakirə olunmuş, müvafiq qərar qəbul edilmişdir. “Sahil” parkında özbaşına səyyari quraşdırmalar aparan, qanunsuz küçə ticarəti ilə məşğul olan və xidmətlər göstərən şəxslərlə mübarizə aparılması məqsədilə şəhər İcra Hakimiyyəti başçısının 86 nömrəli 29 iyun 2022-ci il tarixli Sərəncamı ilə üç işçi qrupu yaradılmışdır. İşçi qrupların tərkibinə şəhər İcra Hakimiyyətinin, Mingəçevir Bələdiyyəsinin, Şəhər Polis şöbəsinin əməkdaşları, eləcə də ictimai təşkilatların nümayəndələri daxil edilmişlər. İşçi qrupları mütəmadi reydlər keçirirlər. Ötən dövr ərzində üç dəfə “Sahil” parkı qanunsuz quraşdırılmış köşk, tir, batut və bu kimi xidmət obyektlərindən təmizlənmiş, lakin 2-3 gün keçdikdən sonra həmin quraşdırmalar yenidən “Sahil” parkına qoyulur. Şəhər Polis şöbəsi tərəfindən bu şəxslərin əksəriyyəti İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə (“küçə ticarəti ilə məşğul olma) cərimə edilmişdir. Bundan əlavə, Mingəçevir şəhər Prokuroru Qabil Səfərovun ünvanına rəsmi məktub göndərilərək Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan, Kür çayının sol sahilində yerləşən, sakinlərin kütləvi gəzinti və istirahət parkı olan "Sahil Parkı”nın ərazisinin torpaq sahələrini ayrı-ayrı vətəndaşlar qanunla müəyyən edilmiş istifadə və ya icarə hüququ olmadan, mülkiyyətçi Mingəçevir Bələdiyyəsinin torpaq sahəsinin istifadəyə və ya icarəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş müvafiq qərarı və müqavilələri olmadan özbaşına tutaraq, qanunsuz ələ keçirdikləri torpaq sahələrində onlar tərəfindən icazəsiz quraşdırma (müxtəlif idman qurğuları, əyləncə avadanlıqları, ticarət və ictimai iaşə köşkləri və piştaxtaları və sair) işləri aparılması (CM, maddə 188), dövlət qeydiyyatına alınmadan, vergi uçotuna durmadan qanunsuz sahibkarlıq (CM, maddə 192) fəaliyyəti ilə məşğul olmaları, təsərrüfat-məişət təyinatlı fəaliyyət həyata keçirilməsi, onların yaratdıqları bu özbaşınalıq parka gələn şəhər sakinlərinin və qonaqların sərbəst, dinc və rahat istirahət etmələrinə maneələr yaratması, ərazinin çirklənməsi və zibillənməsinə, habelə bələdiyyənin mülkiyyət hüququnun pozulmasına səbəb olması bildirilərək müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. “Sahil” parkında qanunsuz quraşdırmalar edən küçə ticarəti ilə məşğul olan şəxslərin bir neçəsi Vətən müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri, eləcə də çoxlu sayda bu addan istifadə edən işbazlardır ki, onlarla aparılan izahedici söhbətlər nəticə vermir, bu şəxslər dolana bilmədiklərini, şəhid ailəsi və müharibə əlilləri olduqlarını bildirərək parkı boşaltmaqdan imtina edirlər. Qeyd edirik ki, bu sahədə bir sıra obyektiv çətinliklər olsa da mübarizə davam etdirilir. Gələcəkdə “Sahil” parkında səliqə-səhman yaratmaq məqsədilə parkının bir hissəsində yer ayrılması nəzərdə tutulur ki, həmin ərazidə əyləncə və satış obyektləri yerləşdirilsin ki, parkın ərazisindəki insanların istirahətlərinə maneələr yaranmasın. 03 avqust 2022-ci il tarixdə şəhər İcra Hakimiyyətinin tapşırığı ilə, şəhər Polis şöbəsinin və Mingəçevir Bələdiyyəsinin iştirakı ilə “Sahil” parkında təmizlənmə işləri aparılmış, ərazi qanunsuz əyləncə və satış avadanlıqlarından tam təmizlənmişdir. Lakin sonradan yenə 1-ci qrup Vətən müharibəsi əlili olan Abdullayev Abdulla və daha bir neçə müharibə əlili və şəhid ailəsi üzvü açıq-aşkar qanunlara riayət etməyərək qanunsuz fəaliyyətlərini davam etdirirlər.

Keçidlər