Şriftin ölçüsü :

Saytın rəngi :

Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır

29 sentyabr 2023 | 15:56

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. 28 noyabr 2022-ci il tarixdə isə “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Sentyabrın 28-də Heydər Əliyev İli çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin tərtib etdiyi tədbirlər planına müvafiq olaraq Mingəçevir Dövlət Universitetinin akt zalında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzi önündə ucaldılmış abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. Sonra Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” filminə baxış keçirilmişdir. Konfransda giriş nitqi ilə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır. 1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Bütün bunlar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan cənab Heydər Əliyev "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlandı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. "Əsrin müqaviləsi"nin imzalanmasından keçən 30 ilə yaxın müddət ərzində Ümummilli Lider Heydər Əliyevin "Yeni neft strategiyası"nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi qarşıda duran əsas məsələlərdən idi. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu "Yeni neft strategiyası"nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnologiyasının Azərbaycana gətirilməsidir. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. Neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoymuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Neft sazişlərinin əhəmiyyətinin ən dolğun mahiyyətini ölkəmizin başçısı İlham Əliyev belə şərh etmişdir: «Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi». Bu gün dünyada qəbul olunmuş belə bir tezis var: «Neft - enerji deməkdir, enerji isə sərvətdir». Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uğurlu neft siyasətinin nəticəsidir ki, Azərbaycan nefti ancaq dövlətimizin qüdrətlənməsinə, vətəndaşlarımızın rifah halının yüksəlməsinə xidmət edir.

Konfransda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ümummilli lider Heydər Əliyev neft strategiyasının banisidir”, Milli Məclisin deputatı Aydın Mirzəzadə “Əsrin müqaviləsi”nə aparan yol. Neft strategiyasınaın uğurları”, MDU-nun elmi işlər üzrə prorektoru Veysəl Əyyubov “Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyinə verilən ən böyük töhfədir”, MDU-nun kafedra müdiri Emiliya Hüseynova “Yeni neft strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir mərhələsi dövlətimizin qüdrətlənməsinə və vətəndaşlarımızın rifahının yüksəlişinə xidmət edir” məruzələri ilə çıxış etmişlər.

Keçidlər