Əsaslı təmir və quruculuq işləri aparılan məhəllələrə baxış keçirildi.
17 mart 2023 | 15:54
Mart ayının 17-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri Ş.İ.Xətai küçəsi ilə Aydın Məmmədov küçəsinin kəsişdiyi ərazidə yerləşən 135-ci, eyni zamanda 72, 73, 74-cü məhəllələrə baxış keçirib. Uzun müddətdir ki, bu məhəllələrdə əsaslı təmir və quruculuq işləri aparılır. Yaradılan nümunəvi məhəllə sakinləri görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və şəhər rəhbərinə minnətdarlıqlarını bildirdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əraziyə baxış keçirdikdən sonra qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən quruculuq işləri sırasında Mingəçevirdə də böyük layihələr həyata keçirilir. Şəhərimizdə son illərdə görülən tikinti-quruculuq işləri çərçivəsində işıqlanma sistemi müasirləşdirilib, su kanalizasiya sisteminin yenilənməsi prosesi gedir. O cümlədən Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq ölkə Prezidentinin sərəncamı ilə Heydər Əliyev ili çərçivəsində ağacəkmə aksiyası keçirilir. Sonda şəhər rəhbəri sakinləri qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edərək ən xoş arzularını bildirdi və baxış zamanı qarşıya çıxan nöqsanların aradan qaldırılması məqsədi ilə müvafiq idarə rəhbərlərinə tapşırıqlar verdi.