Şriftin ölçüsü :

Saytın rəngi :

Dostluq parkında “Əyləncə Mərkəzi” yaradılır

23 avqust 2023 | 15:56

Nur şəhərinin gözəlliyinə yeniliklər əlavə olunur. Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Azərbaycan Bayrağı” ordenli Müşfiq Mirzəyev adına Dostluq parkının yaxınlığında boş qalmış ərazidə yeni park-istirahət guşəsinin, Dostluq Əyləncə Mərkəzinin hazırlanması layihəsinə start verilib. Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin kollektivinin iki ay əvvəl başladığı quruculuq işləri uğurla davam edir. 4500 kvadratmetrlik ərazidə uşaq əyləncə mərkəzi yaradılır. Sahəyə torpaq, qum və çınqıl gətirilib. İşlərin bir hissəsi görülüb, səki daşları və tamet plitələr döşənir. İçməli su xətti çəkilərək bulaq yaradılıb, yaşıllıq zolaqlarına texniki su xətti çəkilib. Mərkəzə giriş qapısı hazırlanır, 12 işıq dirəyi quraşdırılacaq, 12 oturacaq qoyulacaq, 135 ədəd ağac tingi və dekorativ gül kolları əkiləcək. Uşaqlar üçün əyləncə qurğularının quraşdırılması nəzərdə tutulur. Şəhərdə yaradılan park və istirahət guşələrində dincələn, yaşıllıqların əhatəsində, kölgəliklərdə təbiəti seyr etməklə səmərəli vaxt keçirən insanlar görülən işlərə görə razılıqlarını bildirirlər. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən hər bir quruculuq işləri, nümunəvi məhəllələrin yaradılması, istirahət mərkəzlərinin salınması və bu kimi digər işlər sakinlərin rifah halının yaxşılaşdırılmasına şərait yaradır.

Keçidlər