Dekabrın 4-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü keçirilib.
05 dekabr 2025 | 09:32
9 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Bələdiyyənin sədri, idarə və müəssisələrin rəhbərləri, şəhərin müxtəlif küçələrindən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən görüşlərin əhəmiyyətindən danışıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının Mingəçevirdə uğurla davam etdirildiyini qeyd edib. Ötən illərdə olduğu kimi cari ildə də İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planı çərçivəsində şəhərin ayrı-ayrı ərazilərində abadlıq-quruculuq və əsaslı təmir işlərinin aparıldığı və bütün bunların vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığı qeyd olunub. İnsanların məşğulluğunun, iş ilə təminatınln diqqət mərkəzində olduğu bildirilib. Çıxış edən sakinlər görülən işlərə görə razılıqlarını ifadə ediblər. Bəzi binaların qarşısına kölgəliyin və oturacaqların yerləşdirilməsi, işıqlanma sahəsində nasazlıq, blokun giriş qapısı və zirzəmi qapısının təmiri, tüstü bacasının təmizlənməsi, asfalt örtüyünün salınması və digər müraciətlər, fikirlər diqqətə çatdırılıb. Müraciətlərə münasibət bildirən İcra başçısı İlham İsmayllov aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarınl verib, sakinlərin qeyd etdikləri problemlərin qısa vaxt ərzində həllinə ciddi yanaşmağı tapşırıb. Vətəndaş məmnunluğuna nail olmaq üçün məsuliyyəti artırmağı tövsiyyə edib.