Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib.
29 dekabr 2025 | 16:41
Sahil parkında yerləşən Qədiroğlu restoranında keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, polis şöbəsinin rəisi, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid və qazi övladları və onların ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdim etdiyi kompozisiya, mahnı töhfələri, şeirlər, rəqslər maraqla qarşılanıb. Balacalar öz rəqsləri, maraqlı əyləncələri ilə şənliyə xüsusi rəng qatıblar. Tədbirə gələn yeni ilin atributları Şaxta Baba, Qar qız. müxtəlif personajlar uşaqlarla əyləniblər, şəkillər çəkdirilib. Balacalarla bir arada, xoş məramlı tədbirdə iştirakından məmnun qaldığını bildirən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Vətən müharibəsi qəhrəmanlarının övladlarını, onların timsalında ailə üzvlərini, hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb, firavan və sevinc dolu ömür, sağlamlıq arzulayıb. Qeyd edib ki, beş il bundan əvvəl 44 günlük Vətən müharibəsində əziz uşaqlar, Milli Ordumuzun qəhrəman əsgər və zabitlərinin, sizin valideynlərinizin, şəhidlərimizin, qazilərimizin şücaəti ilə uzun illərdən sonra işğal altında qalan torpaqlarımız azad olundu, yurdumuzun ərazi bütövlüyü təmin edildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanan Azərbaycan dövləti bu gün dünyada böyük nüfuz sahibidir. Dövlət başçımızın şəhid ailələrinə, qazilərimizə, uşaqlara göstərdiyi diqqət və qayğı vətəndaşlara olan diqqətinin bariz nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın siz uşaqlara göstərdiyi qayğı da davamlı xarakter daşıyır. Bu gün biz sizlərin bayramını təbrik etməyə gəlmişik, şənliyinizdə iştirak edirik. Qoy həmişə yurdumuzda sülh və əmin amanlıq olsun, üzünüz gülsün, sevinciniz davamlı olsun. Bayramınız mübarək. Tədbirin sonunda 115 şəhid və qazi övladına yeni il hədiyyələri verilib.