Dekabrın 28-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə sağlamlıq imkanları məhdud olan uşaqları təbrik edib
28 dekabr 2024 | 15:58
Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mərkəzi şəhər xəstəxanasının uşaq nevroloji sanatoriyasının yeni ilin atributları, yolka ilə bəzədilmiş zalında keçirilən tədbirdə uşaqlarla yanaşı şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri və mətbuat nümayəndələri iştirak ediblər. Burada yaşayan və müalicə alan uşaqların bayram sevincinə qatılan, hədiyyələrlə təbrikə gələn Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov onları əziz bayramlar münasibəti ilə təbrik edərək sevinc və sağlamlıq arzulayıb. Ölkəmizdə uşaqların sağlamlığı, təhsili, uğurlu gələcəyi üçün həyata keçirilən layihələrdən bəhs edərək bildirib ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində sağlamlıq imkanları məhdud uşaqların sosial və psixoloji reabilitasiya yönümlü dəstəklə təmin edilməsi sahəsində işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın tapşırıqları ilə fiziki sağlamlığı məhdud uşaqlar üçün sanatoriyalar, mərkəzlər inşa olunaraq istifadəyə verilir və uşaqlara daim qayğı göstərilir. Ulu öndr Heydər Əliyevin təsis etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızı həmrəyliyə aparmasından, dövlətimizin günbəgün inkişaf etməsindən bəhs olunub, Şəhər rəhbərinə məlumat verilib ki, sağlamlıq imkanları məhdud olan bu uşaqların müalicəsi davamlı olaraq aparılır, sanatoriyada çalışan tibb personalı onlara xüsusi qayğı ilə yanaşır. Burada 20 uşaq yaşayır, onlara 53 nəfər tibb personalı xidmət göstərir. Qonaqların gəlişindın sevinən uşaqlar yolka ətrafında rəqs edərək öz məharətlərini göstəriblər, xoş saatlar yaşayıblar. Yeni ilin atributları olan Şaxta babanın və Qar qızın, personajların, dovşanların, klounların gəlişi, balacalarla rəqsləri, şux söhbətləri onların sevincinə sevinc qatıb, yaddaqalan anlar bəxş edib. Bayram tədbiri yeni il yolkasının ətrafında davam etdirilib. Uşaqlar rəqs ediblər, şeirlər söyləyiblər, şənlənərək şəkillər çəkdiriblər.