Dekabrın 23-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü oldu
23 dekabr 2022 | 16:01
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 3 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Görüşdə əsasən Zeynalabdin Tağıyev, Samux, 20 Yanvar, Dilarə Əliyeva küçələrində yaşayan sakinlər dəvətli idilər. Buna baxmayaraq şəhərin Şah İsmayıl Xətai, Heydər Əliyev və başqa küçə və məhəllələrdə yerləşən yaşayış binalarının sakinləri gəlmişdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun səyyar görüşdə iştirak edən sakinləri salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə baş verən yeniliklər haqqında qısa məlumat verdi. Əsasən diqqəti Şuşa-Laçın yolunda baş verən hadisələrə yönəldərək bildirdi ki, Azərbaycan öz torpağının, o cümlədən yeraltı və yerüstü sərvətlərinin sahibidir və onu da qorumağa qadirdir. Bu mənada Şuşa-Laçın yolunda səngimədən baş verən Azərbaycan EKO fəallarının aksiyası qanunauyğun formada aparılır. Rusiya sülhməramlılarından öz vəzifə borclarına əməl etmələri tələb olunur. Cənab Prezident İlham Əliyevin Qarabağ iqtisadi zonasının inkişafı ilə əlaqədar həyata keçirdiyi bütün tədbirlər ürəyimizdəndir. İcra başçısı eyni zamanda qeyd etdi ki, dekabr ayının 24-ü Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin doğum günüdür və bununla əlaqədar olaraq mingəçevirlilər adından cənab Prezidentə təbriklərimizi göndərmişik. Mingəçevirdə baş verən yeniliklər haqqında məlumat verən icra başçısı qeyd etdi ki, ilin əvvəlindən İcra Hakimiyyəti tərəfindən tutulan tədbirlər planı uğurla yerinə yetirilir. Artıq 50- yə yaxın yaşayış binası əsaslı təmirdən çıxarılıb, yeni yaşıllıq zolaqları salınır, qarşıya qoyulan digər tədbirlər də layiqincə yerinə yetirilir. Görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, eləcə də idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirak etdiyini nəzərə çatdıran İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun zalda oturan sakinlərə müraciətlə istək və arzularını bildirməyi xahiş etdi. İlk olaraq mikrafon qarşısına çıxan təqaüddə olan dövlət qulluqçusu Bayram Mustafa şəhərdə aparılan işlərə nəzər yetirərək görülən işlərdən razılığını bildirdi və buna görə şəhər İcra Hakimiyyətinə, işi aparan məsul şəxslərə minnətdarlığını ifadə etdi. Bir sıra məqamlara toxunmaqla onların aradan qaldırılmasını diqqətə çatdırdı. Xüsusən “Telekom”un və KATV işçilərinin xətlərin çəkilişi zamanı səliqəsizliyə yol verdiklərini bildirdi. Yollara asfaltın qoyuluşunda da müəyyən səhvlərə yol verilir. Görüşdə Ceyran Yusifova, Firuz Ələsgərov, Samir Xəlilov və başqaları çıxış edərək yaşadıqları ərazidə işığın zəifliyindən, kanalizasiya xətlərinin yararsız vəziyyətdə olduğundan, işə tələbatın olmasından və eləcə də yaşadıqları binaların əsaslı təmirə ehtiyacı olduğundan söhbət açdılar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərə diqqət yetirərək onların aradan qaldırılması üçün müvafiq idarə müəssisə təşkilat rəhbərlərinə tapşırıqlarını verdi. Qısa müddətdə onların aradan qaldırılmasına çalışılacağını qeyd etdi.