Dekabrın 12-də Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibəti ilə mərasim keçirilib
12 dekabr 2024 | 17:51
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və partiya fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, Azərbaycan İES-in rəhbərliyi və energetiklər, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, ictimaiyyət nümayəndələri, MDU-nun, Tibb Kollecinin, Turizm Kollecinin, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin rəhbərləri və kollektiv üzvləri, mətbuat işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibələri veteranları, idarə və müəssisələrin kollektivləri, müharibə və əmək veteranları Ulu Öndər Heydər Əliyevin Mingəçevirin ən görməli yerlərində, Heydər Əliyev Mərkəzinin önündə və Heydər Əliyev Meydanında ucaldılmış abidələri önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hələ gənc yaşlarından Azərbaycanda rəhbər vəzifələrdə çalışmış, ömrünün ən qaynar çağlarını Azərbaycanın inkişafına, tərəqqisinə həsr etmişdir. Sovet dönəmində siyasi səriştəsi ilə seçilən mahir siyasətçi Azərbaycanı digər respublikalardan irəli aparmaqla ölkəni aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevirməyə nail olmuş, müstəqilliyimizin bərpasının təməlini qoymuşdur. Hakimiyyətinin ikinci dövründə dövlətçilik təcrübəsi sayəsində mövcud xaos və böhranın, daxili çəkişmələrin qarşısını almağa nail olmaqla dövlətimizin xarici siyasətində müsbət irəliləyişlər əldə etmişdir. Məhz 10 illik hakimiyyəti dövründə cəbhədə atəşkəsi əldə etməklə, ordu quruculuğuna diqqət göstərmiş, müasir tələblərə cavab verən silahlı qüvvələrin yaranmasının təməlini qoymuşdur. Və bu uğurlu siyasətin davamı olaraq 2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olunmuş, 2023-cü ilin sentyabrındakı antirterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuş, dövlətimiz suverenliyini bərpa etmişdir. Ulu Öndərin Mingəçevirə göstərdiyi xüsusi diqqət sayəsində Mingəçevir energetikanın mərkəzinə çevrilmiş, cari ilin əvvəlində 1280 Meqavatlıq ən müasir tələblərə cavab verən yeni stansiyanın təməli qoyulmuş, şəhərdə geniş infrastruktur layihələrin icrasına nail olunmuşdur. Bu gün mingəçevirlilər Ulu Öndəri ehtiramla yad edir, onun layiqli davamçısı cənab Prezidentin ətrafında sıx birləşməklə vətənimizin tərəqqisi naminə fəaliyyətlərini gücləndirirlər. Mərasimdən sonra günorta saatlarında Zümrüd mərasinm evində Ulu Öndərin xatirəsinə ehsan verilmişdir