Dekabr ayının 16-da başçının növbəti səyyar görüşü oldu
19 dekabr 2022 | 15:18
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü dekabr ayının 16-da 14 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra respublikamlızda və Mingəçevir şəhərində həyata keçirilən genişmiqyaslı tədbirlər haqqında məlumat verdi. Qeyd etmək yerinə düşər ki, geniş, işıqlı məktəbin akt zalına toplaşan sakinlər qayğılı görünsələr də, nikbin əhval ruhiyyədə idilər. İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən razılıqlarnı bildirirdilər. İ. İsmayılov sakinlərə məlumat verərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişafa nail olur. Cənab prezidentin Türkmənistan Respublikasına səfəri də bu qəbildən olan səfərlərdəndir. Burada Türkmənistan, Türkiyə və Azərbaycan Prezidentlərinin zirvə görüşü keçirilmiş və bir sıra əhəmiyyətli müqavilələr imzalanmışdır. Bunun nəticəsi olaraq hər üç dövlətin inkişafına əhəmiyyətli təsir göstərəcəkdir. Şəhər rəhbəri Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən də söhbət açdı. Bildirdi ki, şəhərin bütün sahələrində əməli işlər həyata keçirilir. Binaların əsaslı təmiri başa çatdırılır, yeni yaşıllıq zolaqları salınır, nümunəvi məhəllələr yaradılır. İlin əvvəlindən tərtib olunmuş tədbirlər planına uyğun olaraq şəhər İcra Hakimiyyətinin xətti ilə yeni park salınması işləri davam edir. Şəhərdə kanalizasiya xətlərinin qaydaya salınması istiqamətində işlər səngimək bilmir. Bir sözlə, 2022-ci ildə qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilir. Bu gün sizinlə keçirdiyimiz görüş zamanı da qaldırılan məsələlərə aydınlıq gətirilməklə yerindəcə həllinə nail olunacaq. Odur ki, zalda qoyulmiş sərbəst mikrafondan istifadə edərək hər kəs öz arzu və istəyini, qarşılaşdığı problemi bildirə bilər. Görüşdə sakinlərdən Eldar Ağayev, Maksim Mövlayev, Səlim Salamov, Rəfiqə Rəsulova, Aynaxanım Babakişiyeva, Qızılgül Əzizova və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda qarşılaşdıqları problemləri dilə gətirdilər. Xüsusilə qeyd olundu ki, istifadə etdikləri xeyir-şər mağarında qaz xətti çəkilməyib, qonşuluqdakı 14 nömrəli uçaq bağçasında ağacların budanması həyata keçirilməyib, yaşadıqları binaların əsaslı təmirinə ehtiyac duyulur. Zirzəmilər bərbad haldadır, məhəllələrin bəzi yerində işıqlanma zəifdir, məhəllələrdəki yararsız hala salınmış qazanxanalar narkomanların “yuvasına” çevrilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələləri diqqətlə dinlədikdən sonra onların həlli istiqamətində görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxslərinə və idarə müəssisə rəhbərlərinə konkret tapşırıqlar verdi, sakinləri əmin etdi ki, hər bir məsələ araşdırılaraq nəzarətə götürüləcək və öz həllini tapacaqdır. İşgüzarlıq şəraitində keçən görüş sakinlərin razılığı ilə başa çatdı.