Şriftin ölçüsü :

Saytın rəngi :

Çoxmənzilli yaşayış binalarında aparılan əsaslı təmir işlərinin gedişinə baxış keçirildi.

06 sentyabr 2024 | 16:39

Sentyabrın 6-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, aparatın məsul əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin, mətbuat işçilərinin, kommunal xidmət müəssisələrinin rəhbərlərinin və təmsilçilərinin iştirakı ilə A. Məmmədov küçəsindəki 3a, 5a, 7, Ş.İ.Xətai küçəsindəki 3a və bir sıra digər çoxmənzilli yaşayış binalarında aparılan əsaslı təmir işlərinin gedişinə baxış keçirildi.

İyul ayında şəhər mənzil təsərrüfatı və abdlaşdırma idarəsinin kollektivinin başladığı əsaslı təmir işləri 15 binada aparılır. 5 binada artıq işlər yekunlaşmaqdadır. Binaların ümumi istifadə sahələrində təmir işləri görülür. Giriş dəhlizlərinin və fasad hissələrinin divarları suvanır, rənglənir, plastik pəncərə çərçivələr qoyularaq şüşəbəndlər qaydaya salınır, seyf qapları qoyulmaqla yuxarı mərtəbələrə giriş-çıxış üçün mövcud olan sürahilər təmir olunur. Sakinlərin istəyinə uyğun olaraq binaların fasadının aşağı hissələrinə asfalt qoyulmaqla zövqə uyğun rənglər vurulur.

Görülən işlərə münasibətini bildirən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidentinin tapşırıqlarına əsasən şəhərimizdə davamlı olaraq həyata keçirilən quruculuq işləri çərçivəsində məhəllələrdə bu cür əsaslı təmir işlərinin aparılmasının sakinlərin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirdi. Qeyd etdi ki, məqsəd insanların məmnunluq hissələrini artırmaq, Mingəçevirin gözəlliyinə əlavələr etməklə qarşıya qoyulan vəzifələri yüksək keyfiyyətlə həyata keçirməkdir. Ötən illər ərzində 260-dan artıq yaşayış binasında bu cür əsaslı təmir işlərinin uğurla icra olunduğunu bildirən şəhər rəhbəri xatırlatdı ki, hələ qarşıda görüləsi işlər çoxdur. Bundan sonra da şəhərin bütün ərazilərində mərhələli şəkildə əsaslı təmir işlərinə nail olunacaq, nümunəvi məhəllələr yaradılacaq, uşaq və gənclər üçün idman və əyləncə meydanları hazırlanacaq, idman qurğuları quraşdırılacaq, işıqlanma nöqtələri quraşdırılacaq, binaların qarşısında oturacaqlar və kölgəliklər qoyulacaqdır. Təmir işləri aparan müəssisə rəhbərlərinə, eləcə də iş icraçılarına qarşıya çıxan nöqsanlar barədə tövsiyə və tapşırıqlarını verən şəhər rəhbəri xüsusilə kanalizasiya sisteminin yenidən qurulması zamanı podratçı təşkilatların yaratdığı problemlərin haqlı narazılıqlara səbəb olduğunu diqqətə çatdıraraq onun aradan qaldırılması üçün tədbirlərin görülməsini müvafiq qurumlardan tələb etdi.

Mətbuat işçilərini, eləcə də bir çox sakinləri maraqlandıran sualları cavablandıran İlham İsmayılov əminliklə vurğuladı ki, qarşıya çıxan problemlər tezliklə aradan qaldırılacaq və yaxın müddətdə müsbət nəticələr əldə olunacaqdır. İşin daha sürətlə və keyfiyyətlə getməsi üçün şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən iki yeni texniki vasitənin alındığını və yaxın günlərdə şəhərə gətiriləcəyini, müvafiq qurumlara təhvil veriləcəyini qeyd etdi. Xatırladaq ki, Mingəçevirin sağ və sol sahillərində, eləcə də energetiklər yaşayış massivində bu qəbildən olan əsaslı təmir işləri uğurla icra olunur.

Keçidlər