Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram Ağamirzə oğlu Mustafa

22 iyul 2024 | 11:14

Mingəçevir şəhər ictimaiyyətinə ağır itki üz verib. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini, dövlət qulluğunun veteranı Bayram Mustafa 21 iyul 2024-cü ildə 77 yaşında vəfat edib.

Bayram Ağamirzə oğlu Mustafa 1947-ci ildə Samux rayonunun Mansırlu kəndində anadan olmuşdur. Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar 1951-ci ilin sonlarında ailəsi ilə Mingəçevirə köçmüşdür. Bayram Mustafa Mingəçevirdə əsasən idman və turizm sahələrində çalışmışdır. O gənclik illərində bir neçə idman növü üzrə şəhərin tanınmış idmançılarından biri olmuş, müxtəlif yarışlarda şəhərin idman şərəfini qorumuşdur. Turizm sahəsində işlədiyi zaman Azərbaycanın qədim və zəngin tarixinin, milli dəyərlərinin respublikanın hüdudlarından çox-çox uzaqlarda təbliğ olunmasında böyük əmək sərf etmişdir. 1977-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Azərbaycan Turizm Şuralarının göndərişi ilə “Şərəf Nişanı” ordenli Leninqrad (indiki Sankt Peterburq) Ali Həmkarlar İttifaqı Mədəniyyət Məktəbinə oxumağa göndərilmiş, şəhər Ekskursiya və Səyahətlər Bürosunda ekskursiya bələdçisindən direktor vəzifəsinədək yüksəlmişdir. Bayram Mustafa 1991-1995-ci illərdə şəhər sovetinin deputatı olmuş, hüquq komissiyasının sədr müavini kimi fəaliyyət göstərmişdir. O, 1990-cı illərin acısını daha çox yaşayanlardan idi. Bayram Mustafa 1991-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə müavini vəzifəsində çalışmışdır. Dövlət qulluğunun müşaviri olub. Bu məsul vəzifədə işinə məsuliyyətli, tələbkar olduğu qədər də ədalətli bir insan kimi tanınmışdır.1993-94-cü illərdə il yarıma yaxın müddət ərzində şəhər mədəniyyət şöbəsinə rəhbərlik etmişdir. Bayram Mustafa 22 iyun 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Bayram Mustafanın əziz xatirəsi onu tanıyanların və əzizlərinin, Mingəçevir ictimaiyyətinin xatirində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin.

İlham İsmayılov, Məhluqə Cavadova, Hikmət Kərimov, Fərid Məmmədov, Bəxtiyar Mustafayev, Akif Hacıyev, Üzeyir Zeynalov, Ramiz Əliyev, Tahir Məmmədov

Keçidlər