Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyev irsinin strateji əhəmiyyəti: davamlı inkişaf perspektivləri” mövsuzunda elmi-praktik konfrans keçirilib.
11 dekabr 2025 | 16:06
Dekabrın 11-də Mingəçevir Dövlət Universitetində Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Universitetinin və YAP şəhər təşkilatının təşkilatçılığı ilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyev irsinin strateji əhəmiyyəti: davamlı inkişaf perspektivləri” mövsuzunda elmi-praktik konfrans keçirilib. Tədbir öncəsi Mingəçevir Dövlət Universitetinin giriş foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək ehtiram ifadə edilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Şəhər ictimaiyyətinin, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi konfransda giriş nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs edib. Qeyd olunub ki, Azərbaycanın tərəqqisi və inkişafı, dövlətçiliyinin qorunması, möhkəmləndiriliməsi, dünya dövlətləri sırasında söz sahibi olması, ordu quruculuğu və həyatın hər bir sahəsində müstəsna xidmətləri olan Heydər Əliyevin strateji xətti iyirmi ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin başladığı əhəmiyyətli layihələr, daxili və xarici siyasətdə qazanılan uğurlar dahi şəxsiyyətə xalq sevgisi qazandırıb. Fərəhli haldır ki, xalqımız bu siyasəti daim dəstəkləyir, təhsil ocaqlarında, yeni nəslin yetişdirilməsində Ulu Öndərin həyat və fəaliyyəti təbliğ olunur, bu siyasi məktəb örnək yol kimi tədris olunur. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarından və gənclərin xaricdə təhsilinə xüsusi önəm verdiyindən danışıb. YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının yaradılmasından, milli-mənəvi dəyərlərdən, müstəqilliyimizin qorunmasında Ulu Öndərin göstərdiyi qətiyyətli mövqedən söz açıb. Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov hakimiyyətinin ikinci dövründə ölkədə mövcud olan xaos və anarxiyanın qarşısının alınmasında, xalqın rifahı naminə Ulu Öndərin göstərdiyi yorulmaz fəaliyyətdən danışıb. Konfransda MDU-nun baş müəllimləri Vüsalə Mövlayeva “Heydər Əliyev fenomeni: Zəka, iradə, liderlik nümunəsi”, Səadət Ağakişiyeva “Unudulmayan ömür: Azərbaycan xalqının qəlbində yaşayan Heydər Əliyev obrazı”, Pərvin Hüseynova “Heydər Əliyev: təhsilin strateji inkişafının memarı”, Fəxriyyə İsayeva “İdeyadan zəfərə: milli irsi yaşadan dahi” mövzularında məruzələrlə çıxış ediblər.