Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası dəfn edildi
28 iyul 2025 | 16:43
İyulun 27-də Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova Gəncə şəhərində vəfat edib. İyulun 28-də mərhum Dursun Qasımova Gəncədəki Səbiskar qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə nümayəndə heyəti iştirak edib. Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev,YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhidin adını daşıyan Mingəçevir şəhər 4 nömrəli orta məktəbin direktoru Zaur Müseyibov və kollektiv üzvləri, Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr şurasının şəhər şöbəsi sədrinin müavini Rizvan Mikayıllı, şəhər ağsaqqallar şurasının sədri Mustafa Muradov, iş adamı Əli Muradov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, qazilər, şəhid ailələrinin nümayəndələri iştirak ediblər. Mərasimdə həmçinin millət vəkili Aydın Mirzəzadə, Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin qardaşı Nofəl Qasımova və ailə üzvlərinə başsağlığı diləkləri çatdırılıb. Qəhrəman şəhidin anasının ruhuna dualar oxunub, torpaqlarımızın qorunmasında misilsiz xidmətlər göstərən, düşmənə sarsıdıcı zərbələr endirən Natiq Qasımovun şücaətindən söz açılıb, belə cəsur, igid, vətənpərvər övlad böyütdüyünə görə Dursun anaya Allahdan rəhmət dilənib.