Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın enerji təminatında Mingəçevirin rolu mövzusunda elmi praktik konfrans keçirildi

21 oktyabr 2023 | 14:21

“Azərenerji” ASC-nin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illiyinə və 20 oktyabr- energetiklər gününə həsr olunmuş tədbirlə əlaqədar olaraq Mingəçevir şəhərində təntənəli mərasim keçirilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan İES-in, SES silsiləsinin, regional elektrik şəbəkəsinin kollektivləri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. Sonra tədbir Azərbaycan İES-in ərazisində davam etdirilib. İştirakçılar burada Ulu öndər Heydər Əliyevin, şəhidlərin və Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidələrin önünə gül dəstələri qoyduqdan sonra gözəl tərtibatla hazırlanmış akt zalında elmi praktik konfransın açılışına toplaşdılar. İlk öncə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan İES MMC-nin direktoru Təhmasib Hüseynov iştirakçıları salamlayaraq peşə bayramları münasibəti ilə təbrik edərək ən xoş, səmimi arzularını bildirdi. Sonra energetik gününə həsr olunmuş videoçarx nümayiş olundu. “Azenerji” ASC-nin nəzarət idarəsinin rəisi Səməd İslamov “Azenerji” ASC-nin prezidenti Baba Rzayevin konfrans iştirakçılarına təbriklərini çatdırdı. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış edərək Azərbaycan energetikasının inkişafında xüsusi xidmətlər göstərən Ulu öndər Heydər Əliyevin Mingəçevirə göstərdiyi diqqət və qayğıdan, hakimiyyətinin ilk dövründə nəhəng enerji stansiyasının Azərbaycanın gənclik şəhəri olan Mingəçevirdə tikilməsinə nail olmasından danışdı. Stansiyanın birinci blokunun istifadəyə verilməsində şəxsən iştirak etməsini xüsusilə vurğulayan şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirdi. Ölkəmizi nura qərq edən Mingəçevirdə cari ilin fevral ayında məhz dövlətimizin başçısı tərəfindən yeni stansiyanın təməlinin qoyulmasını diqqətə çatdıraraq vurğuladı ki, bütün bu uğurlar Azərbaycanın müstəqillik tarixinin, energetikamızın şərəfli səhifəsidir. Biz bu uğurlara görə Ali Baş Komandanımızın rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı erməni faşistlərini torpaqlarmızdan qovub çıxaran Milli Ordumuzun əsgər və zabitlərinə, xalqımızın nümayiş etdirdiyi birlik və əzmkarlığına, şəhidlərimizin və qazilərimizin şücaətlərini təqdir edərək minnətdarlığımızı bildiririk. Gizlin deyil ki, Azərbaycan dünayda öz sözünü deyən, nüfuz qazanan bir ölkə kimi tanınır və bu da möhtərəm Prezidentimizin daxili və xarici siyasətinin nəticəsidir. Azərbaycan energetikasının flaqmanı olan İstilik Elektrik Stansiyası və Mingəçevir SES-in birgə fəaliyyəti nəticəsində on illərdir ki, respublikamızın iqtisadiyyatının inkişafı durmadan artır. Fərəhlə qeyd edirəm ki, müstəqillik dövründə iqtisadiyyatımızın 84,5 faizi məhz bu müəssisələrin payına düşür. Mingəçevirin şəhər statusu almasının 75 illiyi ərəfəsində keçirilən bu konfrans bir daha öz əlamətdarlığı ilə seçilir. Fürsətdən istifadə edərək şəhərimizin 75 illiyi və energetiklərin peşə bayramı günü münasibəti ilə hər birinizi ürəkdən təbrik edir və sizin timsalınızda bütün şəhər sakinlərinə ən səmimi istək və arzularımı bildirirəm. Bayramınız mübarək. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tədbirdə çıxış edərək 20 oktyabr energetiklər günü münasibəti ilə kollektivi adından təbriklərini çatdırdı. Qeyd etdi ki, bu peşə bayramında Mingəçevir Dövlət Universitetinin də öz xidmətləri var. Sonra konfransda məruzələr dinlənildi. Mingəçevir Dövlət Universitetinin energetika kafedrasının müdiri, dosent Ülkər Aşurova, Qazi Universitetinin Mingəçevir Dövlət Universitetində çalışan qonaq professoru Cemal Yılmaz “Azərbaycanın müstəqil elektrik enerjisi sənayesinin qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri”, “Enerjinin müasir cəmiyyətin inkişafına və mədəniyyətinə təsiri” mövzularında məruzlərlə çıxış etmişlər. Konfransda bir qrup energetikə “Azərenerji” ASC –nin fəxri fərmanları təqdim olunmuşdur.

Keçidlər