Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ ƏBƏDİDİR 28 may - Müstəqillik günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə konfrans keçirib

26 may 2026 | 16:51

        May ayının 26-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 28 may - Müstəqillik günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli dövlətçilik” mövzusunda elmi nəzəri konfransı keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Müstəqilliyimizi əks etdirən sərgiyə baxış keçirilib. Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların və Ulu öndərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Heydər Əliyev və milli dövlətçilik” mövzusunda film nümayiş etdirilib. Konfransı açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək bildirib ki, tariximizin dövlətçilik salnaməsində xüsusi yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi. Bu dövrdə Azərbaycan xalqı yeni bir formada dövlətçilik qurmaqla Şərqlə Qərbin sivilizasiyasına yeni bir dövlət modeli vermiş, ilk qərarı ilə milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Xalq Cümhuriyyətinin yaranmasını elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının Xalq Cümhuriyyıtinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini dünyaya bəyan etdi. Bununla Azərbaycan xalqı müstəqilliyini bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək tarixi varislik üzərində öz dövlətini yaratdı. Ulu öndər Heydər Əliyevin dediyi kimi «Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üç rəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika, onun varisidir, bütün xalq onun varisidir». Müstəqilliyimizin bərpası xalqımıza asan başa gəlməyib. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, qətiyyətlə yerinə yetirdi. Ardıcıl, dönməz siyasət nəticəsində dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə çevrildi. Ulu Öndərin qeyd etdiyi kimi “Müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan daha çətindir”. 1993-cü ilin ilun ayında Heydər Əliyev Milli Məclisdə məzmunlu çıxışında yeni siyasi strategiyanın mahiyyətini açıqladı, bu strategiyanı həyata keçirirək müstəqilliyimizi möhkəmləndirdi və gələcək inkişafın yollarını müəyyənləşdirdi. Konstitusiyamızın 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən Milli Məclis 1918-ci il mayın 28-də İstiqlal bəyannaməsi ilə Azərbaycan Respublikası Dövlət müstəqilliyinin elan olunmasını nəzərə alaraq 2021-ci il oktyabr ayının 15-də May ayının 28-nin Müstəqillik Günü elan olunması haqqında qanun qəbul etmişdir. Konfransda YAP şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev “Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini formalaşdıran tarixi şəxsiyyətdir”, Mingəçevir Dövlət Universitetinın dosenti, filiologiya üzrə fəlsəfə doktoru Günel Yunusova “Ümummilli lider Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir”, şəhər Təhsil sektorunun müdiri Rüstəm Aslanov “Müasir Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu Ulu öndərin dövlətçilik irsinə əsaslanır”, Mingəçevir Tibb Kollecinin İctimai fənlər müəllimi Kəmalə Hüseynova “Ölkə Prezidenti cənab İlham Əliyevin müasir uğurları müstəqilliyimizin daimiliyinə xidmət edir” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Tədbirə yekun vuran İlham İsmayılov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. Hazırda azad olunmuş ərazilərdə vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Ulu öndərin bizə bəxş etdiyi Azərbycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğunu qürur hissi ilə ifadə edə bilərik. Bildiyimiz kimi, 22 dekabr 2025-ci ildə cənab Prezidentin sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan edilmişdir. Mayın 17-22-si tarixlərində ölkəmizdə Ümumdünya şəhərsalma forumu keçirilmişdir. Forum çox yüksək səviyyədə təşkil olunmuş və əvvəlki beynəlxalq forumlardan öz miqyasına görə fərqli olmuşdur. Forumun iştirakçısı kimi mənim də yüksək təəsüratlarım var. Tədbir bir daha müstəqil Azərbaycanın dünyada mövqeyinin yüksələn xətlə inkişaf etdiyini göstərdi. Prezidentimiz İlham Əliyev forum haqqında demişdir: “2026-ci ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindənolan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın Beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.” Bildirmək istəyirəm ki, bütün sahələrdə qazandığımız zəfərlər Ulu öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycanın uğurlu gələcəyindən xəbər verir. Müstəqilliyimiz əbədidir və daimidir. Bu müstəqilliyi qorumaq və möhkəmləndirmək üçün cənab Prezidentimizin ətrafında birləşməli, Azərbaycanın gələcəyə doğru inkişafının davam etdirilməsində ona dəstək olmalıyıq.

Keçidlər