“Azərbaycan” İstilik Elektrik Stansiyasında nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib
22 may 2023 | 11:00
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üçün Mülki müdafiə tədbirlər planına əsasən Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi ilə birlikdə “Azərbaycan” İstilik Elektrik Stansiyasında “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. Məşqin keçirilməsinə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Mülki Müdafiə Qərargahının rəhbər şəxsləri, FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin şəxsi heyəti, Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Yanğından mühafizə dəstəsinin 68 saylı Yanğından mühafizə bölməsinin şəxsi heyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarının Mülki Müdafiə Qərargahının məsul şəxsləri və “Azərbaycan” İstilik Elektrik Stansiyasının rəhbər heyəti, Mülki müdafiə qərargahı, mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb edilib. Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan müəssisə heyətinin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub. Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Həmçinin, işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələrinin fəaliyyəti təşkil edilib. Uğurla reallaşdırılan məşqdən sonra dinləmələr keçirilərək təhlillər aparılıb, qarşıya çıxan nöqsan və çatışmazlıqlar müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.