Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 25-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü keçirilib.

26 avqust 2026 | 09:29

Heydər Əliyev prospektindəki 66/25 nömrəli binanın qarşısında keçirilən görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin sədri, idarə və müəssisələrin rəhbərləri, sakinlər, mətbuat işçilıri iştirak ediblər. Görüşü açan İlham İsmayılov ölkə Prezidentinin tapşırığı ilə vətəndaşların rifah halının yaxşılaşdırılması, problemlərinin həlli məqsədi ilə ayrı-ayrı ərazilərdə təşkil edilən səyyar qəbulların əhəmiyyətini qeyd edib. Ölkəmiz və Mingəçevir şəhəri üçün önəmli olan, cənab Prezidentin iştirakı, rəhbərliyi ilə avqustun 23-25-də Özbəkistan Respublikasına olan səfər təəssüratlarını bölüşən şəhər rəhbəri nümayəndə heyətinin tərkibində olduğundan məmnunluğunu bildirib. Qeyd edib ki, keçirilən Forum, iqtisadi əməkdaşlıq və dostluq müqavilələrinin imzalanması, cənab Prezidentimizin şərəfinə təşkil edilən digər tədbirlər Azərbaycanın nüfuzunun günbəgün güclənməsinin təzahürüdür. Şəhərimiz üçün də çox əlamətdar hadisələrdən biri, yeni tekstil fabrikinin tikintisi reallaşması barədə sənəd rəsmiləşdi. Bu o deməkdir ki, Mingəçevirdə yeni və müasir sənaye müəssisəsi inşa ediləcək, yüzlərlə insan iş yeri ilə təmin olunacaqdır. Bu ölkə Prezidentinin mingəçevirlilərə olan böyük diqqətidir. Şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edən İ.İsmayıliv təsdiq olunan tədbirlər planı çərçivəsində burada, 111-ci məhəllədə nümunəvi şəraitin yaradılması işlərinin davam etdirildiyini də qeyd edib. Çıxış edən sakinlər görülən işlərdən razılıqlarını, ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Problemlərdən söz açıblar. Bəzi binaların qarşısında olan hündür ağacların dam örtüyünə zərər verdiyi və budanması, ağacların suvarılması üçün texniki su xəttinin çəkilməsi, fəaliyyəti dayanmış keçmiş uşaq bağçasının həyətinin çəpərlənməsi, bəzi ərazilərdə asfalt örtüyünün bərbad hala düşməsi, işıqlanmada olan zəiflik və digər məsələlərlə bağlı müraciətlər edilib. Müraciətləri və aidiyyəti müəssisə rəhbərlərinin məlumatlarını dinləyən İcra başçısı problemlərlə yaxından tanış olmağı, həllini təmin etməyi tapşıraraq hər bir işə, vəzifəyə məsuliyyətlə yanaşmağın, vətəndaşların məmnunluğunu təmin eyməyin zəruriliyini qeyd edib.

Keçidlər