Avqustun 21-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oldu
22 avqust 2025 | 09:40
Avqustun 21-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü şəhərin Şəhriyar 3, M.Maqomayev, R.Rza ünvanlarında yaşayan vətəndaşları ilə keçirilib.Görüşdə İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhər prokuroru Pərvin Quliyev, ŞPŞ rəisi, polis polkovniki Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin, idarə və kommunal xidmət müəssisələrinin rəhbərləri, eləcə də mətbuat nümayəndələri iştirak ediblər. Çıxış edən sakinlər diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Bəzi binaların qarşısına kölgəliyin və oturacaqların qoyulması, hündür ağacların budanması, zirzəmilərin dezinfeksiya edilməsi, işsizlik və digər məsələlər barədə müraciətlər edilib. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq qurumların rəhbərlərinə hər bir sakinin özünün iştirakı ilə bilavasitə yerlərdə problemlərlə tanış olmağı, problemləri qısa müddətdə həll etməyi və həlli barədə məlumat verilməsi barədə tapşırıq verdi.