Avqustun 20-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü keçirilib.
21 avqust 2026 | 14:56
Energetiklər yaşayış massivində, Y. Mənsurov küçəsindəki 15 nömrəli binanın qarşısında keçirilən görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin sədr müavini, idarə və müəssisələrin rəhbərləri, sakinlər və mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların rifah halının yaxşılaşdırılması, problemlərinin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq bu il şəhərdə reallaşan layihələrdən söz açıb. Yaşayış massivində 5 nümunəvi məhəllənin yaradılacağını, o cümlədən nümubəvi məhəllələrdə bəzi binaların dam örtüyünün dəyişdiriləcəyni, binaların əsaslı təmiri, yol və səkilərdə quruculuq işlərinin aparılacağını, işıqlanma sistemində yenidənqurma işlərinin reallaşacağını bildirilib. Sakinlərin məşğulluğunun diqqətdə olduğu, sahibkar layihələrinə dəstək göstərildiyi də qeyd olunub. Çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidentinə və əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər. Problemlər barədə məlumat verilib. Bəzi ərazilərdə yol və səkilərin təmir olunması, bordürlərin qoyulması, yaşıllıqların suvarılması, istirahət məskənində yeni ağac tinglərinin əkilməsi, kanalizasiya sisteminin çəkilişi zamanı yaranan problemlər, işsizlik və digər məsələlərlə bağlı müraciətlər edilib. Görüşün sonunda şəhər rəhbəri qeyd olunan problemlərlə yaxından tanışlıq etməyi və həllinə nail olmağı müvafiq müəssisə rəhbərlərinə tapşırıb.