Avqustun 10-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərlə görüşüb.
10 avqust 2026 | 17:12
Mingəçevir Gənclər Evinin bitərəf könüllü gənclərinin “Bir gün rəhbərliklə” layihəsi çərçivəsində keçirilən görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirib. Qeyd edib ki, gələcəyimiz olan gənclərin fəallığı, təhsilə, yenilikləri öyrənməyə meylləri təqdirəlayiq haldır. Bildiyiniz kimi, ötən əsrin son onilliyində ölkəmizdə baş verən xaos və anarxiya, xüsusən dövlətimizin elan olunmamış müharibə yaşadığı dövrdə ən çox gənclər təzyiqlərlə üzləşirdilər. Bir tərəfdən müharibə, digər tərəfdən isə işsizlik, həyatın hər sahəsində yaranan boşluqlar gərginliyi artırırdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı bu cür problemləri qismən aradan qaldırdı. Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlət Gənclər Siyasəti və digər gənclərin həyatı, sağlamlığı, təhsili ilə bağlı qurumlar yaradıldı, qərarlar qəbul edildi, qanunlar təsdiq olundu. Bu uğurlu siyasəti davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman gənclərə xüsusi diqqət göstərir. Bu mənada ölkəmizdə vətənpərvərlik tərbiyəsinin genişləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğ edilməsi yeni nəslin dünyagörüşünün genişlənməsinə, intellektual səviyyəsinin yüksəlməsinə imkan yaradır. Yada salaq, 2020-ci ilin 44 günlük Vətən müharibəsini. O müharibəni ki, Azərbaycanın vətənpərvər gənclərinin qanı, canı, Vətən sevgisi, torpağa bağlılığı, mübarizlik əzmi xalqımıza böyük Zəfəri qazandırdı. Azərbaycan dünya tarixində əsl vətənpərvərlik nümayiş etdirdi, Ali Baş Komandanımızın qətiyyəti və hərbi səriştəsi tariximizin qızıl səhifəsini yaratdı.
Icra başçısı Azərbaycanın dünyaya inteqrasiya etməsindən, iqtisadi əməkdaşlıqların bəhrələrindən, beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, təhsil, idman və digər sahələrdə gənclərin qazandığı uğurlardan da söz açıb. Mingəçevir gənclərinin, tələbələrin, idmançıların nailiyyətlərindən bəhs edib. Şəhərimizdə həyata keçirilən quruculuq-abadlıq işlərində gənclərin də əməyinin olduğunu bildirib. Qeyd edib ki, ötən illər ərzində yaradılan 21 nümunəvi məhəllədə, genişlənən və yenidən qurulan park və xiyabanlarda uşaq və gənclər üçün əyləncə və idman qurğuları quraşdırılır ki, bu da gənc nəslin, yeniyetmələrin fiziki sağlamlığı üçün önəmlidir. Əziz gənclər, hər biriniz xalqımız üçün dəyərlisiniz, gələcəyimizsiniz. Könüllülük fəaliyyətiniz çox önəmlidir, bu sizin gələcəyinizə, işləməyinizə, layiqli kadr kimi yetişməyinizə böyük dəstəkdir.
Görüşdə çıxış edən layihə rəhbəri Ləman Bəylərova, tələbə-könüllülər Əli Rüstəmzadə, Nihad Abdullayev, İlkin Hacızadə, Sahil İskəndərov, Türkan Qaffarova, Fidan Salmanova, Xəyalə Məmmədova könüllülük fəaliyyətlərindən söz açaraq fikir və arzularını bildiriblər. Şəhər rəhbəri təkliflərə münasibət bildirərək gənclərə uğurlar arzulayıb.