Şriftin ölçüsü :

Saytın rəngi :

Avqust ayının 7-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ictimaiyyət nümayəndələrinin və mətbuat işçilərinin iştirakı ilə şəhərdə icra olunan abadlıq-quruculuq işlərinin gedişatı ilə tanışlıq edib.

07 avqust 2026 | 15:47

İlk olaraq Heydər Əliyev prospektində yerləşən yeraltı keçiddə görülən işlərə baxış olub. Qeyd edək ki, Dövlət Proqramına əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 5 şəhər və rayon sırasında Mingəçevirdə də yeni layihələrin icrasına start verilib. Məlumat verilib ki, Bakı Abadlıq Xidməti MMC tərəfindən yeraltı keçiddə söküntü işlərindən sonra layihəyə başlanılıb. Burada divarlara aqlay materiallar düzülür, tavan hissəyə isə şüşə materialdan örtük salınacaq. Pilləkənlərə və keçid yoluna mərmər örtük döşənir. Sahədə işıqlanma sistemi müasir sensor sistemi ilə təchiz ediləcək, rəngarəng bəzək lövhələri quraşdırılacaqdır. Həmçinin uşaqlar və fiziki qüsurlu insanların rahatlığı üçün xüsusi keçid sahələri yaradılacaqdır. Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən keçidin üst hissəsində, asfalt örtüyündə olan bərbadlıq aradan qaldırılıb, izolyasiya işləri görülüb.

Şəhər rəhbəri illər uzunu bərbad halda olan, piyadaların təhlükəsiz keçidi üçün yaradılan bu ərazidə görülən işlərin zəruriliyini qeyd edərək iş icraçılarına tapşırıqlarını verib. İşə məsuliyyətlə yanaşmağın, vətəndaşların məmnunluğunu təmin etməyin vacibliyini vurğulayıb. O cümlədən yaşayış binalarının fasad hissələrinin izolyasiya edilməsi, suvanması, rənglənməsi işləri ilə bağlı təkliflərini bildirib. Sonra Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişdiyi 111-ci məhəllədə yaradılan nümunəvi şərait ilə tanışlıq olub. Məlumat verilib ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq burada uşaqlar üçün mini futbol meydançası yaradılır, uşaqlar və böyüklər üçün idman qurğuları ilə təchiz edilmiş sahələr yaradılacaq, oturacaqlar və kölgəliklər yerləşdiriləcək. Məhəllədə müasir işıqlandırma sistemi təchiz ediləcək. Yaşıllıq zolaqlarının qaydaya salınması, ağacların və güllərin suvarılması üçün şərait yaradılacaq. Vətəndaşların rahatlığını təmin etmək, səmərəli istirahəti üçün yorulmadan çalışan işçilərə müraciət edən şəhər rəhbəri bildirib ki, sizlərin əməyi danılmazdır. Siz insanların mənalı istirahəti üçün şərait yaradırsınız, çalışırsınız, uşaqların qayğısız əylənməsi, şənlənməsi üçün yayın bu isti günlərində işləyirsiniz. Hər birinizə uğurlar arzulayıram.

Görüş zamanı şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə küçə ticarəti ilə bağlı bu işlə məşğul olan şəxslərlə maarifləndirici söhbətlərin aparılmasını vacib hesab edib, ictimai yerlərin zəbt edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb və qanunsuz ticarətin dayandırılması istiqamətində müvafiq tədbirlərin görülməsini tapşırıb. Heydər Əliyev Meydanında və parkdakı vəziyyətlə tanışlıq zamanı bəzi nöqsanlar üzə çıxıb. Ərazidəki yaşıllığın suvarılması ilə bağlı yaranan problemlərlə bağlı məlumatlar verilib. Burada yaradılan damlama sistemi ilə yaşıllıqların suvarılmasına ciddi yanaşmaq tövsiyə edilib.

İcra başçısı iş icraçılarına, o cümlədən şəhərin kommunal təsərrüfatı müəssisələrinə şəhərin baş Meydanının təmizliyinin, yaşıllığının, işıqlandırma sisteminin diqqətdə saxlanılmasını tapşırıb. Ağacların və dekorativ güllərin vaxtında suvarılması, onlara aqrotexniki qulluq, qazonların səpilməsi, yeni gül kollarının əkilməsi barədə tapşırıqlarını verib. Bildirib ki, şəhərin gözəlliyini qorumaq hər birimizin vəzifəsidir. O ki, qaldı ağaclar və güllər, bu ekologiyamızın qorunmasıdır, təmiz havadır, sağlamlıqdır. hər birimiz üçün önəmlidir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir bölgəsində, eyni zamanda nur şəhəri Mingəçevirdə ardıcıl olaraq abadlıq-quruculuq işləri aparılır. Mingəçevirin gözəlləşməsi, park və xiyabanların salınması, küçə və məhəllələrdə nümunəvi şəraitin yaradılması, uşaq və gənclər üçün idman və əyləncə meydançalarının yaradılması və bu kimi digər işlər yalnız vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Şəhərimizə gələn qonaqlar da bu gözəlliyə heyran qalırlar. Yaradılan şəraiti qorumaq, yeniliklər əlavə etmək isə təbii ki, davam edəcək, işlərimizi uğurla icra edəcəyik. Hər birinizə fədakar əməyinizdə uğurlar arzulayıram.

Keçidlər