Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş və gənclərin vətənpərvər ruhda tərbiyəsinin təşkili məqsədilə “Qələbəmizin təməli” adlı tədbir keçirildi.

04 aprel 2024 | 15:08

    Aprel ayının 4-də Mingəçevir şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib. Görüşdən əvvəl Şəhidlər Xiyabanında 2016-cı ilin aprel döyüşlərində həlak olmuş şəhidlərimizin məzarları ziyarət olunub. Şəhər gənclərinin, şəhid ailəsi üzvlərinin, qazilərin, müharibə veteranlarının, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi aprel döyüşlərinin ildönümünə həsr olunmuş və gənclərin vətənpərvər ruhda tərbiyəsinin təşkili məqsədilə “Qələbəmizin təməli” adlı tədbiri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb.

    Torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

   Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov məruzə ilə çıxış edərək bildirib ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldıqdan sonra ordumuz əks hücuma keçdi. Düşmən yerinə oturduldu. Döyüşlər nəticəsində ordumuz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi istiqamətində bəzi mövqeləri düşməndən azad etdi.

    Aprel döyüşləri kimi tarixə düşən bu döyüşdə 94 nəfər hərbi qulluqçumuz şəhid olmuşdur. Lakin həmin döyüşçülərimiz şəhidlik zirvəsinə yüksəlməklə bizim Zəfər tariximizin başlanğıcını qoydular. Bu döyüşlərdə Mingəçevirdən Teymur Qasımov, Adil Adilzadə, Rüstəm Əhmədov, Rahim Tağıyev şəhadətə yüksəlmişlər. Mən onlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. Aprel döyüşləri Azərbaycan xalqının öz torpaqlarının işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübut etdi. Erməni ordusunun məğlubedilməzliyi mifi bu döyüşlərdən sonra əhəmiyyətini itirdi. Azərbaycan ordusunun torpaqlarımızın hərbi yolla azad edilməsinə inamını möhkəmləndirdi. Cənab prezidentin qeyd etdiyi kimi “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”.

    Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Aprel döyüşləri nəticəsində xalqımızın, ordumuzun Vətən müharibəsindəki Qələbəyə inamı yarandı. Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübə nəticəsində rəşadətli Azərbaycan ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.

    2020-ci il sentyabr ayının 27-də erməni silahlı qüvvələri mövqelərimizə hücum edərək təxribata əl atdılar, deyən şəhər rəhbəri vurğuladı ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu təxribatın qarşısını almaq üçün əks hücuma keçdi və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız 44 gün ərzində şanlı ordumuzun qalibiyyəti ilə azad oldu, yurdumuzun ərazi bütövlüyü bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu. 19-20 sentyabr 2023-cü il antiterror əməliyyatı zamanı isə Xocalı, Xankəndi, Ağdərə, Əsgəran və Xocavənd yaşayış məskənləri azad edildi. Ölkəmizin bütün ərazilərində suverenlik bərpa olundu. Artıq bütün yaşayış məskənlərimizdə Azərbaycan bayraqları dalğalanır. Bütün bu qələbələrimizin təmin olunmasında gənclərimizin böyük rolu vardır. Cənab Prezidentimizin vurğuladığı kimi Azərbaycanın müasir gəncləri elə bir vətənpərvər ruhda böyümüşlər ki, məhz qələbəmizin təmin olunması onların qəhrəmanlıqları sayəsində olmuşdur.

    Ölkə Prezidenti 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimində qeyd etdiyi kimi “Bizim ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanlarında öz gücünü göstərmişdir. Bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Biz isə bunu artıq 20 ildən çoxdur ki, edirik və bu gün bizdə əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, ordumuz döyüş meydanında öz gücünü göstərib. Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistan döyüş meydanında məğlub etmişik”. Ölkə prezidenti çıxışında ordu quruculuğunu gücləndirməklə yanaşı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsini prioritet olduğunu bildirməklə qeyd etmişdir ki, əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyinə uğurla nail olmasın və buradan ilk növbədə ailə tərbiyəsi ön plana çıxır.

     İkinci yerdə məktəb tərbiyəsidir və müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi- bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Ölkə başçısının bu proqram xarakterli çıxışı bizim qarşımızda önəmli vəzifələr qoyur. Biz öz işlərimizdə ölkə başçısının bu fikirlərini rəhbər tutmalı, gələcək planlarımızı bu istiqamətdə qurmalıyıq. Bu gün gənclər təşkilatlarının, məktəblərin apardığı ideoloji işlər bu proqram əsasında həyata keçirilməlidir. Biz elə etməliyik ki, bu gün böyüyən gənclərimiz ölkə prezidentinin qeyd etdiyi kimi milli ənənələr ruhunda vətənpərvərlik ruhunda böyüsünlər. Bu işdə hər birimiz öz üzərimizə düşən vəzifələrin öhdəsindən gəlməliyik.

     Şübhə yoxdur ki, Azərbaycan cəmiyyəti və təhsil sistemi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış nailiyyətləri Vətən müharibəsinin yaratdığı yeni reallıqlara uyğun daha da inkişaf etdirəcəkdir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi kimi ilkin olaraq ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində də davam etdiriləcək və gənclərimizin vətənpərvər ruhda böyüməsinə imkan yaradacaqdır. Çıxışımın yekunu olaraq mən bir daha ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə, şanlı ordumuzun əsgərlərinə can sağlığı arzulayır, gənclərimizə gələcək işlərində nailiyyətlər diləyirəm.

    Tədbirdə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli, “Mingəçevir Gənclər evi” Sosial Xidmət Müəssisəsinin dərnək rəhbəri Humay Baxışova, şəhid atası Oruc Əhmədov, 20 saylı tam orta məktəbdə Gənclərin Çağırışaqədərki hazırlıq rəhbəri, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Ramiz Quliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Mingəçevir sektorunun baş məsləhətçisi Xəyal Hətəmov, şəhid anası Gülnarə Abdullayeva, ictimaiyyət nümayəndəsi İnqilab Şirinli çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında qəhrəmanlıq göstərən şəhidlərimizə Allahdan rəhmət diləmiş, dövlətimizin inkişafı yolunda ölkə Prezidentinə uğurlar arzulamaqla hər kəsi onun ətrafında sıx birləşməyə, gəncləri vətənpərvər olmağa çağırmışlar.

Keçidlər