Aprel döyüşləri — Zəfər tariximizin başlanğıcı
07 aprel 2026 | 09:57
Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri — Zəfər tariximizin başlanğıcı” adlı dəyirmi masa keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmiləri, hərbçilər, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mingəçevir Şəhidlər Xiyabanında aprel döyüşlərində həlak olan şəhidlərin, Teymur Qasımovun, Adil Adilzadənin, Rüstəm Əhmədovun və Rahim Tağıyevin məzarları üzərinə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər, ruhlarına dualar oxunub.
Mərkəzin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış olub. Tədbirin əvvəlində torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəılik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aprel döyüşlərindən bəhs edən film nümayiş edilib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək ötən əsrin sonlarında xalqımızın məruz qaldığı erməni məkrlərindən danışıb. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın haqq səsinin dünyada eşidilməsindən, onun rəhbərliyi ilə yaradılan Ordu quruculuğunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, Milli Ordumizun formalaşmasından, bazasının genişləndiyindən bəhs edib. Aprel döyüşlərinin yaranma zərurətindən, qəhrəman əsgər və zabitlərimizin rəşadətlərindən söz açıb. Qeyd olunub ki, 4 günlük Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi, 2 min hektar ərazi işğaldan azad edilməsi ilə nəticələnmişdir. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ Təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Aprel döyüşləri Zəfər tariximizin başlanğıcı oldu. Məhz bu qələbə 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfərlə başa çatdı. İşğal altında qalan yurd yerlərimiz azad edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlak olan şəhidlərimizin xatirəsi bizim üçün əzizdir, fədakarlıqlar göstərən əsgər və zabitlərimizə ehtiramımız sonsuzdur. Tariximizin şərəfli səhifələrindən olan Aprel döyüşləri hər bir zaman xatırlanacaq, qəhrəmanları yad olunacaqdır.
Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva “Ötən on il ərzində Prezidentimiz, xalqımız, şəhərimizin rəhbərliyi, ictimaiyyət nümayəndələri hər zaman bizimlə oldular,”- deyərək fikirlərini çatdırıb.
Şəhid Rüstəm Əhmədovun atası Oruc Əhmədov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Aprel döyüşləri iştirakçısı Pərvin Baxışov keçdikləri qəhrəmanlıq yolundan danışıb, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Mingəçevir şöbəsinin sədr müavini Rizvan Mikayıllı Prezident-Ordu-Xalq birliyinin Zəfərlə başa çatdığından söz açıb.
Tədbirə yekun vuran İlham İsmayılov Aprel döyüşlərinin Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, bu döyüşlər ordumuzun gücünü, xalqımızın birliyini və torpaqlarımızın azadlığı uğrunda sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirib. Aprel şəhidlərinin, o cümlədən mingəçevirli Teymur Qasımovun, Adil Adilzadənin, Rüstəm Əhmədovun, Rahim Tağıyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hər bir vətən övladının ailəsinə hər zaman diqqət göstərildiyini vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib.