Aprel ayının 18 də “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində Ağacəkmə aksiyası keçirildi
18 aprel 2024 | 17:25
Aprelin 18-də ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mingəçevir nümayəndəliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tədbirlər planına müvafiq olaraq idarənin nəzdində olan bütün rayon və şəhərlərdə bu cür aksiyalar keçirilir ki, bu da ölkəmizin yaşıllığına xüsusi çalarlar qatır, ekoloji təmizliyi təmin edir. Mingəçevir şəhərinin Bayraq Meydanı ilə Şərq giriş qapısı istiqamətində yerləşən Park Xiyabandakı yaşıllıq zolağında qabaqcadan şəhər yaşıllaşdırma və sanitar təmizlik idarəsinin işçiləri tərəfindən hazırlanmış çalalara ağaclar əkilmişdir. Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi rəisinin müavini Qasım Qasımov, Mingəçevir nümayəndəliyinin rəhbəri Şəlalə Sadəddinova, Heydər Əliyev Mərkəzinin, Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik illik Məktəbinin, şəhid F.Qasımov adına Uşaq İncəsənət məktəbinin, “Azərbaycan Bayrağı” orednli şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin, S. Vurğun adına Mədəniyyət evinin, kitabxanaların və kitabxana filiallarının, Tarix Muzeyinin, A.İbrahimli adına Rəsm Qalereyasının, Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin, eləcə də digər mədəniyyət müəssisələrinin kollektivləri iştirak ediblər.
Aksiya çərçivəsində 210 ədəd şam ağacı tingləri əkilmişdir. Bu tədbirlər ekoloji davamlılığı qorumaq və yaşıllıq zolaqlarının genişləndirilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə verilən daha bir töhfədir.