Akif Novruz Oğlu Hacıyev
16 avqust 2024 | 17:20
Mingəçevir şəhər ictimaiyyətinə ağır itki üz vermişdir. Uzun illər Azərbaycan təhsili sahəsində müxtəlif vəzifələrdə işləmiş, müəllimlikdən tutmuş texnikum, institut, universitet rəhbəri vəzifələrinədək yüksəlmiş, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, Mingəçevir Ağsaqqallar Şurasının sədri olmuş Akif Novruz oğlu Hacıyev uzun sürən xəstəlikdən sonra ömrünün 86-cı ilində vəfat etmişdir.
Akif Novruz oğlu Hacıyev 1938-ci il yanvarın 14-də Yevlax rayonunun Salamabad kəndində (indiki Xaldan qəsəbəsində) anadan olub. Uşaqlığı və gənclik illəri doğma qəsəbələrində keçib. Orta təhsilini başa vurduqdan sonra 1955-ci ildə H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. 1960-cı ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Mingəçevir şəhərinə gələn Akif Hacıyev 4 və 10 nömrəli tam orta məktəblərdə riyaziyyat müəllimi kimi çalışmış, fəaliyyətində qazandığı uğurlara görə 3 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə irəli çəkilmişdir. 1966-cı ildən 1982-ci ilədək Mingəçevir Baza Politexnik Texnikumunun direktoru olmuşdur. 1991-ci ildə şəhərdə açılan ilk ali məktəbin, M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mingəçevir filialının direktoru olmuşdur. Filial regionda yerləşən sənaye müəssisələrinin ehtiyaclarına uyğun kadrların hazırlanmasına xidmət göstərib. 1992-ci il avqustun 25-də filialın bazasında Mingəçevir Energetika İnstitutu yaradılıb. 1993-cü il avqustun 4-də Mingəçevir Energetika İnstitutu Mingəçevir Politexnik İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun və Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının bazasında Mingəçevir Dövlət Universiteti (MDU) yaradılıb və Akif Hacıyev universitetin ilk rektoru olub. 2018-ci ildə ilin rektoru nominasiyasına layiq görülmüşdür. 2019-cü ildən sonra MDU-da müxtəlif vəzifələrdə, tədris işləri üzrə prorektor, məsləhətçi kimi fəaliyyət göstərmişdir. Mingəçevirin inkişafında, yüksəlişində, ictimai-siyasi həyatında xüsusi xidmətləri olan Akif Hacıyev Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarına və mükafatlarına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi yubley medalı ilə təltif edilmişdir. Elmi fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə 1981-ci ildə pedaqoji elmlər namizədi, dosent olmuş Akif Hacıyev bacarıqlı rəhbər, pedaqoq, səmimi insan, gözəl ailə başçısı, mehriban dost kimi əzizlərinin, onu tanıyanların xatirində əbədi qalacaqdır. Ailəli olub, iki oğlu, dörd nəvəsi, dörd nəticəsi var.
Allah rəhmət eləsin.
İlham İsmayılov, Məhluqə Cavadova, Hikmət Kərimov, Fərid Məmmədov, Bəxtiyar Mustafayev, Üzeyir Zeynalov, Ramiz Əliyev, Tahir Məmmədov