Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun mingəçevirlilərə Novruz təbriki
Süfrələriniz ruzi-bərəkətli olsun
Hörmətli mingəçevirlilər, əziz dostlar!
Bir-birindən gözəl aylar, fəsillər ötüb keçdikcə həyatımız dəyişir, rövnəqlənir, yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Fevral ayının son günlərindən başlanan Novruz çərşənbələri bu yeniliklərin bariz nümunəsidir. İnsanlar qədim adət-ənənələrimizə uyğun olaraq su, od, yel, torpaq çərşənbələrini qarşılayıb şənləndikcə arzu və istəklərinin də çin olacağına əminliklərini bildirirlər. Bu inam bizi daha xoşbəxt gələcəyə aparır. Novruz yeni təravət, yeni gün deməkdir. Həyatınızdan bu xoş günlər əskik olmasın, süfrələriniz ruzi-bərəkətli, həyatınız toy-büsatlı olsun.
Əziz mingəçevirlilər, hər birinizi xalqımızın ən qədim, müqəddəs və gözəl bayramlarından biri olan Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edir, sizlərə möhkəm can sağlığı, ailə səadəti, xoşbəxt günlər arzulayıram. Bilirsiniz ki, ölkəmizdə, ümumən bütün dünyada baş alıb gedən koronavirus xəstəliyi səbəbindən el şənliklərini, toy mərasimlərini bir müddət kütləvi şəkildə qeyd etmək insanlara yasaq edilmişdi. İndi çox şükürlər ki, ölkəmizdə aparılan əməli tədbirlər nəticəsində bu qadağalar tədricən aradan götürülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət bizə imkan verir ki, həyatımızı daha da müasir inkişaf mərhələsinə uyğunlaşdırıb yeniləyək. Abadlıq-quruculuq işlərinə üstünlük verək, insanların məmnunluq hisslərini artırmaqla şəhərimizin hər bir guşəsində yaşıllıqlara diqqət və qayğı göstərək, sakinlərin arzu, istəyinə uyğun olaraq idman qurğularının, uşaq əyləncə vasitələrinin, söhbətgahların, oturacaqların sayını artıraq. Artıq bu istiqamətdə böyük quruculuq işlərinə başlanılıb. Şəhərimizin energetiklər qəsəbəsində, Sağ və Sol sahil yaşayış massivlərində, insanların daha sıx yaşadıqları Günəşli bağlar, Mingəçevir kəndi, Tərəvəzçilik sovxozu ərazilərində bu şlər vüsət almaqdadır. Burada yolların asfaltlanması, yeni səkilərin çəkilməsi, piyadalar üçün keçidlərin qaydaya salınması, çoxmərtəbəli binaların fasad hissələrinin, giriş dəhlizlərinin pəncərələrinin, seyf qapılarının əsaslı təmiri və nizama salınması işləri həyata keçirilir. Eyni zamanda sakinlərin istəyinə uyğun olaraq nümunəvi məhəllələrin yaradılmasına diqqət artırılıb. Məhz mingəçevirlilərin yaxından köməyi və dəstəyi ilə bu işlərin sürətlə getməsinə nail oluruq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə əldə etdiyi Zəfər bizi daha böyük nailiyyətlərə səsləyir. Tam əminliklə deyə bilərəm ki, 2022-ci ildə qarşıya qoyulan bütün vəzifələr layiqincə yerinə yetiriləcək. Bu il bizim üçün ən uğurlu illərdən biri olacaq.
Əziz Mingəçevirlilər! İki gündən sonra Azərbaycan xalqı dünya müsəlmanları ilə birgə Novruz bayramını təntənəli şəkildə qeyd edəcək. Bu əlamətdar günə Mingəçevirdə də geniş hazırlıq işlrəi görülmüş, şəhər İcra Hakimiyyəti başçısının 22 fevral 2022-ci il tarixli sərəncamı ilə tədbirlər planı hazırlanıb həyata keçirilir. Mart ayının 10-dan İcra edilən tədbirlər həmin ayın 19-da S.Vurğun adına meydanda ümumşəhər tədbirinin keçirilməsi ilə yekunlaşacaq. Bütün mingəçevirliləri, eləcə də şəhərimizin qonaqlarını bu tədbirlərdə yaxından iştirak etməyə dəvət edirəm.
Bir daha Sizi Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edir, hər birinizə sağlam həyat, xoşbəxt günlər arzulayıram. Novruz süfrələriniz barlı-bərəkətli olsun, Həyatınızdan sevinc əskik olmasın! Bayramınız mübarək!
İlham İSMAYILOV,
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı,
Siyasi-elmlər üzrə fəlsəfə doktoru