Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ Müharibəsində qəhrəmanlıq göstərən NATİQ SƏLİM OĞLU QASIMOV haqqında çəkilmiş filmin təqdimatı keçirildi

14 mart 2022 | 16:00

 “OĞUL”- Qəhrəmanlıq hekayəsi
     Mart ayının 14-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin təqdimatı keçirilib.
“Oğul” sənədli filmində 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edilir. Natiq Qasımovun ailə üzvlərinin, şəhid ailələri nümayəndələrinin,  birinci və ikinci Qarabağ müharibəsinin qazilərinin və veteranlarının, media təmsilçilərinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Şəhər rəhbəri bildirdi ki, hələ iyirminci əsrin sonlarında torpaqlarımıza olan erməni təcavüzü zamanı xalqımızın vətənpərvər  övladları yurd yerlərimizi qorumaq üçün  qəhrəmanlıqla mübarizə aparıblar.  Erməni vandallarının törətdikləri qətliamlara, soyqırımlara, vəhşiliklərə dözə bilməyən qəhrəmanlarımız  vətən  yolunda canlarından keçiblər, həlak olublar. Düşmənin işğalçılıq əməliyyatlarının qarşısını almaq məqsədi ilə ulu öndər Heydər Əliyevin səyi ilə atəşkəs  əldə edilsə də düşmən öz separatçılıq əməlindən qalmırdı. 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbədən sonra da düşmən hər gün sərhəd bölgələrimizi atəşə tutur, hətta mülki insanları, uşaqları belə qətlə yetirirdi. Bu təxribatlara dözə bilməyən Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri 2020-ci ilin sonlarında dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edərək dünya dövlətlərinə Azərbaycanın qüdrətini, gücünü göstərdilər. Biz bu gün bura 90-cı illərdə Xocalıda düşmənin törətdiyi qətliama dözə bilməyərək  təkbaşına qəhrəmanlıq göstərən, vandalları lərzəyə salan qəhrəman Natiq Qasımov haqqında çəkilən filmin təqdimatına toplaşmışıq. Hər iki müharibədə mingəçevirli oğullar da fədakarlıqla iştirak ediblər. Şəhidlərimiz haqqında şəhərimizdə nəşr olunan kitablar sırasında 2021-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin layihə rəhbərliyi və təşəbbüsü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şöbəsinin dəstəyi, “Mingəçevir”  qəzetinin əməkdaşlarının yaradıcılığı ilə “Əbədiyyətə qovuşanlar” kitabında hər iki müharibədə həlak olan şəhidlərimizin həyat hekayəsindən bəhs olunub.  Qeyd edim ki, bu son deyil, qəhrəman şəhidlərimiz haqqında bundan sonra da filmlər çəkiləcək, kitablar nəşr olunacaq, şeirlər, hekayələr yazılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
     Sonra şəhid ailələrini müdafiə cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin  şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, şəhid Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxış edərək şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu, göstərilən dövlət qayğısından danışaraq şəhidlərimizin hər birinin əbədiyaşar olduğunu bildirdilər.
     Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvar ayının 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Mingəçevir şəhərinə köçdükdən sonra 4 saylı orta və 39 sayı texniki-peşə məktəblərində təhsil alıb. 1989-91-ci illərdə Rusiyanın Krasnoyarsk vilayətində müddətli  həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub doğma vətənə qayıtdıqdan sonra,1992-ci il mart ayının 2-də könüllü olaraq Milli Ordu sıralarına qoşulan Natiq  Səlim oğlu  “Qarabağ Şahinləri” dəstəsinin tərkibində cəbhə bölgələrinə yollanıb. Əsgəranın, Xanabadın, Xramortun düşmən işğalından  qorunması uğrunda gedən döyüşlərdə yaxından iştirak edib, şücaətlər göstərib. Erməni vandallarına qarşı mərdliklə vuruşub.  5 gün ərzində təkbaşına döyüşən Natiqin sonrakı taleyi məlum deyil.
      Sonra filmin təqdimatı oldu. Birinci Qarabağ müharibəsindən bəhs edən  bu filimdə mingəçevirli hərbi əsir Natiq Qasımovdan  bəhs edilir. Film, 1992-ci ildə Xocalıda törədilən qətliam düşmənin əsl mahiyyətini üzə çıxardı. Ermənilər törətdikləri hadisələrə görə üzr istəmək haqqında düşünmürlər. Biz bu faciəni bütün dünyaya çatdırmalıyıq. Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan fotoqraf Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Qırx altı dəqiqəlik filmin görüntü rejissoru Simon Stanforddur.

Keçidlər